Bu gün Azərbaycan Badminton Federasiyası ilə bu idman növündə dünyada öncüllərindən olan Malayziyanın Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Malayziya Badminton Federasiyasının prezidenti Mohamad Norza Zakaria imzalayıblar. Bildirilib ki, yeni memoranduma əsasən, tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcək.
Federasiyadan "Xalq qəzeti"nə bildiriblər ki, bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışlarının keçirilməsi, məşqçilərin təkmilləşdirilməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, bundan əlavə, digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.
Xatırladaq ki, cari ilin martından yeniyetmə badmintonçularımız Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim-məşq toplanışında iştirak edərək peşəkarlıq səviyyələrini artırır və orta təhsillərini həmin akademiyada davam etdirirlər.
Ötən ay Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dünya Badminton Federasiyasının (BWF) illik toplantısında iştirak edən Taleh Ziyadov səfər çərçivəsində badmintonçularımızla görüşərək onların akademiyada şəraiti və hazırlıq səviyyəsi ilə tanış olub.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"