Nazilə İsmayılova Afrika çempionatının qalibi olub

post-img

Azərbaycan atleti Nazilə İsmayılova Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatının qalibi olub. Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan N.İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib. Ümumilikdə isə o, 132 kiloqram (60+72) nəticənin öhdəsindən gəlib.

Bununla da Nazilə İsmayılova bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.

Qeyd edək ki, Azərbaycan milli komandasının başqa qitənin çempionatında çıxışına səbəb cari ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir.

Yeri gəlmişkən, Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq imkanı yaradılıb. Məhz bu təklifi dəyərləndirən Azərbaycan Ağır Atletika Federasiyası bu imkandan yararlanmaq məqsədilə millimizin Afrika çempionatında iştiakını məqbul sayıb. 

Onu da əlavə edək ki, mənfur qonşularımızın qeyri-idman mübarizəsi ilə əlaqədar İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman