Üçtəpə kəndində güləş zalı istifadəyə verildi

post-img

         Mayın 9-da Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “Alik Arena” adlandırılan sərbəst güləş idmanı zalının rəmzi açılışını bildirən lenti kəsdi.

         Qeyd edək ki, bu tikilinin ümumi sahəsi 385 kvadratmetrdir və onun zalı ən müasir avadanlıqlarla təchiz olunub. Burada gənclərin və yeniyetmələrin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Hazırda klubun 3 nəfər məşqçisi və 60 nəfər gənc idmançısı var.

         Rayon rəhbəri idmançıları təbrik edərək Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. 

         Qeyd olunub ki, Respublika Güləş Federasiyasının təşkilatçılığı ilə perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına, eyni zamanda güləş idman növünün kütləviliyinin artırılmasına xüsusi diqqət göstərilir. 

 İdmançılar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

 

                    Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri,
Göygöl rayonu









İdman