Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutan açılış mərasimində “Heydər Əliyev və Azərbaycan şahmatı” adlı video nümayiş olunub. Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.
FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı, eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib. Azərbaycanda təşkil ediləcək şahmat üzrə dünya kubokunun əhəmiyyətini vurğulayan FİDE rəhbəri bu turnirdə 3 yeri tutan şahmatçıların İddiaçılar Turnirində iştirak etmək şansı qazandıqlarını deyib. A.Dvorkoviç dünya kubokunun keçiriləcəyi tarixdə bir sıra uşaq yarışlarının təşkilinin də planlaşdırıldığını bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman tədbirlərinin keçiriləcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra rəsmi hissə başa çatıb.
Mərasim şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşıb.
Qeyd edək ki, iyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku ilə bağlı müqavilə imzalanıb.