“Baku Open 2023”-ün açılış mərasimi oldu- VİDEO

post-img

Xəzər dənizinin sahilində yerləşən və müasir memarlıq üslubunda inşa edilən Bakı Kristal Zalında daha bir mötəbər tədbir keçirilir.

 

Bu gün burada xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirildi. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində “Heydər Əliyev və Azərbaycan şahmatı” adlı videoçarx nümayiş etdirildi. Sənədli filmin nümayişindən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. O,  şahmata olan diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini söylədi.

Sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç çıxış edərək, ölkəmizdə şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı, eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etdi.

Gənclər və idman naziri Fərid Qayıbov may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman tədbirlərinin keçirələcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzuladı. 

Dövlət himni səsləndirildikdən sonra rəsmi hissə başa çatdı. Açılış mərasimi şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşdı.

Elçin ABBASOV,

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”


İdman