Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli, “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 18 mart tarixli 1304 nömrəli və “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823; 2025, № 8, maddə 750) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-3-cü bənddə “səkkizinci – on birinci” sözləri “səkkizinci, onuncu və on birinci” sözləri ilə əvəz edilsin;
1.2. 2.1-4-cü bənddən “12-ci maddəsinin 5-ci hissəsində,” sözləri çıxarılsın;
1.3. 2.1-5-ci bənd 2.1-6-cı bənd hesab olunsun və aşağıdakı məzmunda 2.1-5-ci bənd əlavə edilsin:
“2.1-5. həmin Məcəllənin 6-cı maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş dövlətin vəzifələrini və 12-ci maddəsinin 4-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;
1.4. aşağıdakı məzmunda 2.10-1-ci bənd əlavə edilsin:
“2.10-1. həmin Məcəllənin 12-ci maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
2. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); 2024, № 6 (I kitab), maddə 665, № 7, maddə 823, № 8, maddə 938, № 11, maddə 1202) 1-ci hissəsinin səkkizinci abzasından “12-ci maddəsinin 4-cü hissəsində,” sözləri çıxarılsın.
3. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddə 541, № 10, maddə 900) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.38-1-ci yarımbənd əlavə edilsin:
“3.0.38-1. Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək;”;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə”nin 3.0.15-ci yarımbəndinə “yaratmaq” sözündən sonra “, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna dair rəy vermək” sözləri əlavə edilsin;
3.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 3.1.12-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.12. faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək;”.
4. “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 228 (Cild I) 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“1.3. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq, tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2024, № 9, maddə 1006) ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissə üzrə:
5.1.1. 1.4-cü bəndə “(bundan sonra – Nazirlər Kabineti)” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin” sözləri əlavə edilsin;
5.1.2. 1.5-ci bəndə “Nazirlər Kabinetinin” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin” sözləri əlavə edilsin;
5.1.3. 1.7-ci bənddə “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz olunsun, həmin bəndə ikinci halda “obyektlərinin” sözündən sonra “(infrastruktur obyektlərinin)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yerquruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.”;
5.1.4. 1.14-cü bəndə “(bundan sonra – Xidmət)” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)” sözləri əlavə edilsin;
5.1.5. 1.15-ci bəndə “Xidmət” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)” sözləri əlavə edilsin;
5.1.6. 1.19-cu bənddə “Meşə” sözü “Bu Qaydaların 1.18-ci bəndində nəzərdə tutulan hallarda, habelə meşə” sözləri ilə əvəz edilsin, həmin bənddən “habelə” və “şərti” sözləri çıxarılsın;
5.2. 2-ci hissə üzrə:
5.2.1. 2.1.17-ci yarımbənddə “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin;
5.2.2. 2.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair;”;
5.2.3. aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:
“2.4. Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə bu Qaydaların 2.3.1–2.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətləri, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər.”;
5.3. 3-cü hissə üzrə:
5.3.1. 3.1-ci bəndə “Xidmətə” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)” sözləri əlavə edilsin;
5.3.2. 3.2.4-cü yarımbənd üzrə:
5.3.2.1. 3.2.4.2-ci abzas aşağıdakı redaksiyada verilsin:
“3.2.4.2. xüsusi mülkiyyətdə və ya uzunmüddətli istifadədə olan torpaqlara münasibətdə mülkiyyətçi (istifadəçi və ya icarəçi) fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti (müraciət torpaq mülkiyyətçisinin (istifadəçi və ya icarəçinin) adından başqa şəxs tərəfindən edildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti), mülkiyyətçi (istifadəçi və ya icarəçi) hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;”;
5.3.2.2. 3.2.4.3-cü abzasa “Nazirliyinin” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin)” sözləri əlavə edilsin;
5.3.2.3. 3.2.4.5-ci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.4.6-cı və 3.2.4.7-ci abzaslar əlavə edilsin:
“3.2.4.6. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda və ya bu Qaydaların 1.11-ci bəndinə əsasən torpağın məqsədli təyinatının dəyişdirilməsi zərurəti yarandıqda, mülkiyyət növündən asılı olmayaraq kateqoriyası və ya məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin əkinəyararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş sınaq laboratoriyası tərəfindən verilmiş aqrokimyəvi analizlərin nəticələrinə dair sənəd;
3.2.4.7. bu Qaydaların 2.1.2-ci, 2.1.4-cü, 2.1.14-cü və 2.1.16-cı yarımbəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, mülkiyyət növündən asılı olmayaraq kateqoriyası dəyişdirilən torpaq sahəsində həyata keçiriləcək layihənin məqsədi və aid olduğu fəaliyyət sahəsi, habelə səmərəliliyi barədə məlumatlar qeyd edilməklə iqtisadi əsaslandırılma.”;
5.3.3. 3.3-cü bəndə və 3.4-cü bəndin birinci və beşinci cümlələrinə “Xidmət” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)” sözləri əlavə edilsin;
5.3.4. 3.5-ci bənd üzrə:
5.3.4.1. birinci cümləyə “Xidmət” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)” sözləri əlavə olunsun və həmin cümlədə “2.3.1-ci, 2.3.3-2.3.6-cı” sözləri “2.3.1 – 2.3.6-cı” sözləri ilə əvəz edilsin;
5.3.4.2. ikinci cümlədə “10 (on)” sözləri “15 (on beş)” sözləri ilə əvəz edilsin;
5.3.5. 3.7-ci bənd üzrə:
5.3.5.1. birinci cümləyə “Xidmət” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)” sözləri əlavə edilsin;
5.3.5.2. üçüncü cümlədə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə” sözləri “Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə)” sözləri ilə əvəz edilsin;
5.3.6. 3.8-ci bəndə “Nazirliyi” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi)” sözləri, “məlumatları” sözündən sonra “və Nazirlər Kabinetinin (Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin) razılaşdırılmış sərəncamı layihəsini” sözləri və “Nazirlər Kabinetinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə)” sözləri əlavə edilsin;
5.3.7. 3.9-cu bəndin birinci cümləsindən “Nazirlər Kabineti tərəfindən” sözləri çıxarılsın və həmin cümləyə “Xidmətə” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)” sözləri əlavə edilsin;
5.3.8. aşağıdakı məzmunda 3.11-ci və 3.12-ci bəndlər əlavə edilsin:
“3.11. Bu Qaydaların 2.1.12-ci yarımbəndində göstərilən əsaslar üzrə yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərində, ərazilərin zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklərə uyğun olduqda, həmçinin həmin ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatı sistemləri imkan verdikdə həyata keçirilir. Bu məqsədlə, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin müvafiq ərazilərdə salınmış yaşayış massivlərində həyata keçirdikləri monitorinqlərin nəticələri və onların sifarişi ilə Xidmətin (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət) apardığı kompleks yerquruluşu işlərinin nəticələrinə istinad edilməklə hazırlanmış yerquruluşu planları (xəritələri) əsasında yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin əsaslandırılmış təklifləri hazırlanır və Xidmətə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə) təqdim edilir. Həmin təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (Naxçıvan Muxtar Respublikasında müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla, həmin yaşayış massivlərində normativ hüquqi aktlarla müəyyən edilmiş ərazi planlaşdırılması və şəhərsalma tələblərinə uyğun olaraq kompleks təhlil aparılmaqla, ümumi yaşayış massivi yanaşması əsasında bütün ərazinin kateqoriyasının dəyişdirilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Nazirlər Kabinetinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) təqdim edilir.
3.12. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi, fəaliyyət sferalarına (maraqlarına) toxunulan dövlət orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəyləri və torpaq sahələrinin yerquruluşu planları əlavə edilməklə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xidmətə müraciəti əsasında, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.”;
5.4. 4.3-cü bəndə “Xidmətə” sözündən sonra “(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2026-cı il

