AMEA-nın Rəyasət Heyətində Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyəti ilə əlaqədar müşavirə keçirilib.
Müşavirədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın regionlardakı Elmi Bölmələrinin və Regional Elmi Mərkəzlərinin fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat verib və Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyəti ilə bağlı müşavirənin əhəmiyyətli olduğunu bildirib.
Lənkəran REM-in direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev Elmi Mərkəzin fəaliyyət istiqamətləri, burada müxtəlif elmi istiqamətlər üzrə aparılan tədqiqatlar, əldə edilmiş elmi nəticələr və digər məsələlər barədə məlumat verib.
Müşavirədə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov çıxış edərək regionlarda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması barədə təklif və mülahizələrini bildiriblər.
Sonda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, bir sıra elmi istiqamətlər üzrə tədqiqatların genişləndirilməsi və sair məsələlər barədə tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb.
XQ

