Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri – Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı və Beynəlxalq əlaqələr şöbəsinin “Avstriya – Azərbaycan Turizm Proqramı”(AATP) üzrə proqram koordinatoru Aytac Babayeva IMC Krems Universitetində “Erasmus+” layihəsi çərçivəsində təşkil edilən “3rd International Staff Week”adlı tədbirdə olublar.
Avropa və digər tərəfdaş ölkə universitetləri nümayəndələrinin də qatıldığı “IMC 3rd International Staff Week” həftəsində “Bilik və təcrübə mübadiləsinin təşkili”, “Ali təhsil sisteminin keyfiyyətli idarəolunması” və IMC Krems universitetinin əməkdaşları tərəfindən gündəliyə daxil edilən “Tələbə qəbulu prosesi və Marketinq”, “Tələbələrin elmi işlərində plagiarizm”, “Tədqiqat işinin aparılması: Jurnal nəşrləri” və “Süni intellektin təhsildə rolu”na dair mövzular iştirakçılar tərəfindən maraqla qarşılanıb. İnteraktiv formatda təşkil olunan həftəboyu təlimlər zamanı təcrübə mübadiləsinin genişləndirilməsi məsələsi də diqqətdə saxlanılıb.
Mədəni turizm istiqamətli ekskursiya və ekoloji yürüyüşlərlə yekunlaşan təlimin sonunda “International Staff Week” həftəsinin fəal iştirakçıları sertifikatla təltif ediliblər.
Qeyd etmək lazımdır ki, ATMU və IMC Krems Universiteti 2007-ci ildən “Avstriya – Azərbaycan Turizm Proqramı”(AATP) üzrə ikili diplom proqramının uğurlu icrası və davamlılığına böyük səy göstərir.
Z.HÜSEYNOVA
XQ