Bu günün balaca ixtiraçıları – gələcəyin dahiləri - REPORTAJ + FOTO

post-img

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. Dörd ildir ki, bir sıra məktəblərdə pilot layihə kimi tətbiq olunur. Bu, texnologiyanın yeni imkanlarıdır. Müəyyən uğurlar da qazanılıb.   

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə getməkdən məqsədimiz orada STEAM dərslərinin tədrisi ilə tanış olmaqdır. Bizi təhsil ocağının direktoru Esmira Ağayeva qarşılayır. Orada yaradılmış şərait, təcrübəli müəllim heyəti, yaradıcı şagirdlər bizdə ilk andan xoş təəssürat yaradır.

Bildirir ki, 2019-cu ildən tətbiqinə başlanan STEAM layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM təhsil metodu şagirdlərimizə elm, texnologiya, mühəndislik, riyaziyyat olmaqla, beş sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.  

Layihə müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən yeniliklərin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisinə xidmət edir. Layihə 6-cı siniflərdən başlayaraq tədris olunur. 

STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur. Məktəb-liseyin Azərbaycan və rus bölmələrindən 1589 şagird STEAM təhsili alır.

Məktəb-liseydə müasir avadanlıqla təchiz edilmiş siniflərlə tanış oluruq, şagirdlərin əl işlərinə baxırıq. Çinarə Kazımova STEAM, rəqəmsal bacarıqlar, ARTİ layihələri üzrə təlimçi, müəllimidir. Elm və Təhsil Nazirliyinin VI qrant müsabiqəsinin qalibi olub. O bildirir ki, süni intellekt şagirdlərin təhsilləri ilə qarşılıqlı əlaqədə inqilab etmək potensialına malikdir. Bu layihə ilə işləyən sistemlər qiymətləndirmə və planlama kimi inzibati tapşırıqları sadələşdirməyə, müəllimlərin tədrisə və tələbə dəstəyinə diqqət ayırmaq üçün vaxtını azad etməyə kömək edə bilər. Ümumilikdə, süni intellekt öyrənmə nəticələrini yaxşılaşdırmaq və ümumi təhsil təcrübəsini artırmaqla təhsili dəyişdirir. 

Məktəb-liseydə STEAM dərslərini keçən müəllimlər bu bacarıqlara “STEAM Azərbaycan Mərkəzi”ndə kurs keçməklə yiyələniblər. Təlimlərə texnologiya, riyaziyyat, informatika, fizika, kimya kimi fənləri tədris edən müəllimlər qatılıblar. Mərkəzin monitorinq bölməsinin əməkdaşları dərslərin gedişatını izləyib rəy verirlər. 

Son 1-2 il ərzində məktəbin yetərincə uğurları da olub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq “STEAM Azərbaycan Festivalı 2022”də “Vex V5” kateqoriya üzrə iştirak edən X-RAY komandası “Create Award kuboku”nu alıb. “Robotiks” kateqoriya üzrə iştirak edən 3 və 4-cü sinif şagirdləri isə 3-cü yerə çıxaraq “Attractive Team-2022” nominasıyasına layiq görülüblər. Nazirliyin bu il yanvarın  27-də “Gələcəyin mühəndisi” IV Respublika müsabiqəsində də liseydən qaliblər olub. Belə ki, 15-17 yaş kateqoriyası üzrə 2-ci yerə kollektiv şəklində “BioSpace” komandasının üzvləri Nihad Qənbərov, Həsən Hüseynov, Fatimə Əbilova, Elturan Cəbrayılov layiq görülüblər. Bunlardan başqa, Nihad Qənbərov, Həsən Hüseynov “Vex V 5” yarışmasında fərqləniblər. Komanda yarışmada “Robot Skills “ üzrə də çempion olub”.   

10-cu sinif şagirdləri Nihad Qənbərov və Həsən Hüseynovla həmsöhbət oluruq. Onların deyirlər ki, hər yarışa sevgi ilə hazırlaşırlar. Daha çox komanda şəklində çıxış edirlər. Çünki qiymətləndirən mütəxəssislər komandanın birliyinə, dostluq-əməkdaşlığa da nəzər yetirirlər. 

Məktəb-liseyin təmsilçiləri “TEKONOFEST-Azərbaycan” yarışmasına ağıllı zibil qutuları layihəsi ilə qatılmışdılar. Layihə əlil, görmə zəifliyi olan insanlar üçün nəzərdə tutulub. Zibil qutularının üzərinə sensor quraşdırılıb, onlara yaxınlaşan zaman sensor gələnin insan olduğunu müəyyən edərək, qutularının qapaqlarını açır. Zibil atıb uzaqlaşanda isə qapaqlar avtomatik bağlanır. Bu layihə də çox bəyənilmişdi. 

Nihad Qənbərov onu da bildirdi ki, ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən yarış sayəsində ölkəmizə “Energy Team” kubokunu gətiriblər. Həmin “Vex V5” yarışması iştirakçı sayına görə rekordlar kitabına düşüb. Qaliblər qayıdanda məktəbdə möhtəşəm şəkildə qarşılanıblar…

Dərs əsnasında məktəbin rəqəmsal bacarıqlar üzrə müəllimi Aysel Fətəliyeva, STEAM müəllimləri Üzülfət Umayeva, Mehriban Əliyeva və psixoloq Aqil Mübarizlə də görüşüb tanış olur, dərs prosesini izləyərək zəngin təəssürat əldə edirik. Görürük ki, biliyin tətbiqi, dərsə münasibətdə yeni yanaşma tamam fərqli bacarıqlar ortaya qoyur. Bu, həm də şagirdlərin özünə inamını artırır, müstəqil fikir yürütmələrinə imkan yaradır.  

STEAM texnologiyanın daha  mükəmməl formasıdır. Bu metodla şagirdlərin özlərinin də bilmədiyi bacarıqları üzə çıxır. Şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və düşünmə qabiliyyəti inkişaf edir. 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”





























Elm