Martın 28-i saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.
Milli Hidrometeorologiya Xidmətindən XQ-yə verilən məlumata görə, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 faizini təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 faizinə bərabərdir.
Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşmüş və bu, aylıq normanın 352 faizini təşkil etmişdir. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 faizini təşkil edir.
Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

