“Yaşıl” layihələrə “manat” istiqrazları

post-img

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ölkəmizdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditlərə çıxışını genişləndirmək, aztəminatlı ev təsərrüfatlarına dəstək olmaq və “yaşıl” layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan manatı ilə denominasiya olunmuş istiqrazlar buraxıb.

Beynəlxalq Maliyyə Korporasiyasının bununla bağlı yaydığı məlumata əsasən, dördillik istiqrazlar nəticəsində 34 milyon manat (20 milyon ABŞ dolları ekvivalenti) cəlb edilib. Qurum hesab edir ki, bu, biznes subyektləri və aztəminatlı ev təsərrüfatları üçün iqlim maliyyələşdirməsinə çıxışı artıraraq ölkədə iqlim layihələrinin inkişafına töhfə verəcək. İstiqrazlar Lüksemburq Fond Birjasında ticarət olunur və sosial davamlılığın gücləndirilməsi ilə yanaşı, geniş auditoriya üçün “yaşıl” texnologiyalara çıxışı təmin edir. Emissiyanın dillerliyini “Standard Chartered Bank” həyata keçirib.

Beynəlxalq Maliyyə Korporasiyasının Xəzinə müştəri həlləri departamentinin direktoru Keşav Qaur bildirib ki, kapital bazarlarının imkanlarından istifadə etməklə IFC bizneslərə yerli valyutada maliyyələşmə imkanı yaradır və xarici valyutada borclanma risklərini azaldır. “Bu istiqrazlar təkcə özəl biznesi və ekoloji cəhətdən davamlı layihələri dəstəkləmir, eyni zamanda, Azərbaycanın iqtisadiyyatını şaxələndirir, dayanıqlığı gücləndirir və uzunmüddətli inkişafa zəmin yaradır”, – deyə o əlavə edib.

“Capitulum Fondu”nun idarəçisi Teodor Kirşner isə IFC ilə əməkdaşlığın önəmini vurğulayaraq deyib: “Biz IFC ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq bizə Azərbaycan kimi inkişaf etməkdə olan bazarlarda yerli faiz dərəcələrinə çıxış imkanı verir, eyni zamanda, cəlb edilmiş vəsaitlərin şəffaf və davamlı istifadəsini təmin edir. Biz aktiv sinifimizin inkişafı və davamlı layihələrin irəliləməsi üçün əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyası 2020-ci ildən etibarən bir ildən dörd ilədək müddətə və dövlət etalonundan 300 baza bəndi aşağı faiz dərəcələri ilə 189 milyon manatdan çox məbləğdə istiqrazlar buraxıb. IFC-nin fəaliyyətinə gəldikdə isə, qurum Dünya Bankı Qrupunun üzvü olaraq inkişaf etməkdə olan bazarlarda özəl sektora fokuslanmış ən böyük qlobal inkişaf institutudur. 100-dən çox ölkədə fəaliyyət göstərən IFC, kapital, bilik və təsir imkanlarından istifadə edərək bazarlar və imkanlar yaradır. 2024-cü maliyyə ilində qurum inkişaf etməkdə olan ölkələrdə özəl şirkətləri və maliyyə institutlarını dəstəkləmək üçün rekord həcmdə – 56 milyard ABŞ dolları vəsait ayırıb.

 

Ekologiya