“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlığın, xüsusən qarşılıqlı hədəflərə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı daha sonra bildirib ki, iki ölkə arasında ticarət əlaqələri və sərmayələr sahəsində əməkdaşlıq davamlı inkişaf edir. Azərbaycanın dostu və etibarlı tərəfdaşı olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri getdikcə dərinləşir, bundan əsas məqsədin isə birgə fəaliyyətin daha da şaxələndirilməsidir.
M. Cabbarov vurğulayıb ki, Azərbaycan “yaşıl” və dayanıqlı iqtisadiyyata keçidə tam sadiq ölkədir: “İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və müsbət nəticə əldə etmək əsas məqsəddir. Belə ki, 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 40 faiz azaltmaq qarşıda prioritet vəzifə kimi durur. Bu məqsədlə bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı resursların idarə edilməsi sahələrində genişmiqyaslı təşəbbüslər həyata keçirilir və beynəlxalq iqlim dəyişiklikləri çərçivələri ilə uyğunluq gerçəkləşdirilir”.
Nazir xatırladıb ki, 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra bu il COP29-u Azərbaycanda gerçəkləşdirmək, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün ölkəmiz yorulmaz fəaliyyət göstərib.
M. Cabbarov qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın “yaşıl enerji”yə keçid prosesində mühüm tərəfdaşıdır: “BƏƏ-nin “Masdar” şirkəti bu prosesdə həlledici rol oynayır. Ötən il “Masdar” tərəfindən açılışı edilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası bərpa olunan enerji sahəsində uğurlu əməkdaşlığın əyani nümunəsidir. Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpa olunan enerji stansiyası həm də regionda ən böyük günəş elektrik stansiyasıdır.
Əminəm ki, Azərbaycan “yaşıl” iqtisadiyyatın inkişafı yolunda irəlilədikcə, BƏƏ ilə əməkdaşlığımız qarşılıqlı etimad, ortaq baxış və güclü iqtisadi əlaqələr hesabına davamlı uğurun gerçəkləşdirilməsi üçün daha da inkişaf edəcək”.