Ölkəmiz qlobal biomüxtəliflik konfransına da evsahibliyi edəcək

post-img

Gələn ilin iyun ayında ölkəmizdə “Davamlı meşəçilik və biomüxtəliflik üçün sinerji: yaşıl dünya naminə əməkdaşlıq dialoqu” adlı beynəlxalq konfrans keçiriləcək. Bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdəki çıxışı zamanı bildirib.

Qeyd olunub ki, tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Bütün maraqlı tərəfləri bu konfransda iştirak etməyə dəvət edən nazir müavini deyib ki, gələcəkdə az meşə örtüyünə malik ölkələrin çətinliklərin aradan qaldırılmasına, qlobal dayanıqlığa töhfə verən innovativ həlləri təşviq etməyə və tərəfdaşlıqları gücləndirməyə çalışacağıq. Onun sözlərinə görə, konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq.

Ekologiya