Dünən Bakı iqlim konfransı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən 100 meqavat gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub. Bu, hərrac prosesində hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkətidir.
Hərracın nəticələrinıəə həsr olunmuş tədbirdə çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinos bildirib ki, Azərbaycanın ilk bərpaolunan enerji hərracının uğurla başa çatması bank üçün böyük nailiyyətdir. O deyib: “Biz “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”.
Xatırladaq ki, hərrac Azərbaycan Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli fərmanı ilə təsdiq edilmiş “Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib. 2027-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il, təxminən, 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Yeri gəlmişkən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə müsahibəsində bildirib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və daha dəqiq istismara verilmə tarixi məlum olacaq. Azərbaycanda ilk bərpaolunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərildiyini xatırladan agentlik rəhbərinin sözlərinə görə, iki mərhələdə keçirilən hərrac prosesi, ümumilikdə, 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək “Qobustan” Günəş Elektrik Stansiyasını inşa etmək hüququ qazanıb.