29-cu iqlim konfransı çərçivəsində keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə edilməsi” adlı sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması, eləcə də iqlim fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni texnologiyalardan yararlanması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəsinin gerçəkləşdirilməsi yolları müzakirə edilib.
Sessiyada bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi və kəskin hava hadisələrinin artması planetin gələcəyini təhlükə altında qoyur. Bu problemin öhdəsindən gəlmək üçün innovativ həllər tələb olunur və texnologiya bu məsələdə vacib rol oynayır. Lakin texnologiyanın tətbiqi təkcə effektivlik deyil, həm də ədalətli çıxışı reallaşdırmaqla həyata keçirilməlidir.
Diqqətə çatdırılıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, ədalətli çıxışı təmin etmək üçün birlikdə konkret addımlar atılmalıdır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız qlobal həmrəylik və innovativ yanaşma ilə uğurlu ola bilər. Texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.