İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf Yardımı Komitəsinin sədri Karsten Sauerin moderatorluğu ilə COP29 çərçivəsində keçirilən “İqlim fəaliyyətinin inkişaf maliyyəsinə inteqrasiyası” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim və inkişaf fəaliyyətinin inteqrasiyası davam edən prosesdir. İnkişaf sahəsində əməkdaşlıq sektorunun dəyərli təcrübə qazanması, prioritetlərin və siyasətlərin uyğunlaşdırılması, ssenarilərin maksimum səviyyəyə çatdırılması ilə bağlı yaxşı nümunələr var.
Yalçın Rəfiyevin sözlərinə görə, iqlim məqsədləri üçün rəsmi inkişaf yardımı son 10 ildə tədricən artaraq 2022-ci ildə ümumi inkişaf yardımının üçdəbirinə çatıb. İqlim dəyişmələrinin inkişaf maliyyəsinə daxil edilməsi barədə ümumi fikrin olması çox əhəmiyyətlidir. İnkişaf maliyyəsi və iqlim maliyyəsi bir-birini əvəz edə bilməz. İnkişaf maliyyəsinin təminatçıları kollektiv təcrübəyə əsaslanaraq, xüsusilə də iqlimin digər Dayanıqlı İnkişaf Məqsədlərinin mühüm hərəkətverici amil olduğunu nəzərə alaraq onun mövcud layihələr siyahısına daxil olunmasını davam etdirməlidir.
COP29-un baş danışıqçısı diqqətə çatdırıb ki, ən az inkişaf etmiş ölkələr üçün özəl maliyyənin payı çox aşağıdır. Buna görə də müvafiq mənbələrdən alınan maliyyənin həcmi sürətlə genişləndirilməli, inkişaf edən ölkələr üçün ictimai maliyyənin artırılmasından əlavə, onun zəruri rolu nəzərə alınmalıdır.
İnkişaf etməkdə olan ölkələr üçün dövlət maliyyəsini artırmaqdan başqa, bütün beynəlxalq maliyyə strukturunun sistem miqyaslı yanaşmaların qəbulu da daxil olmaqla gələcək iqlim maliyyəsi hədəfləri və inkişaf nəticələrinin səmərəliliyini maksimum səviyyəyə çatdırılmasının önəmini vurğulayan Yalçın Rəfiyev deyib: “İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin iqlim dəyişikliyinin mənfi təsirləri ilə bağlı ssenariləri hər il iqlim fəlakətləri ilə üst-üstə düşür. Son aylarda təkcə Karib dənizində Beverli qasırğasını, Hindistanda, Banqladeşdə, Nigeriyada, Çadda və ən son İspaniyada ölümcül daşqınları gördük. Gəlin, bu pilot layihəyə əməkdaşlıq və qətiyyət ruhu ilə yanaşaq ki, iqlim və inkişafla bağlı maliyyəni artıra bilək. COP29-un qlobal səyləri iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər etməkdə Paris Sazişinin effektivliyini vurğulayaraq, hamımızı bu məqamda qətiyyətli və dəqiq addımlar atmağa çağırıram”.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bildirib ki, ölkəmiz beynəlxalq cəmiyyətin etibarlı və məsuliyyətli üzvü kimi müxtəlif coğrafiyalarda davamlı inkişafın təşviqinə böyük əhəmiyyət verir, qlobal miqyasda hərtərəfli tərəqqinin stimullaşdırılması üçün beynəlxalq səylərə sadiq qalır.
E.Mehdiyev xatırladıb ki, Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi münaqişənin ağır nəticələri, o cümlədən ərazilərimizin 20 faizinin işğalı və bir milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşməsi ölkənin sosial-iqtisadi vəziyyətinə sarsıdıcı təsir göstərib. Ancaq uğurlu daxili və xarici siyasət, davamlı tərəqqi və dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan qarşıya qoyulmuş maneələri dəf edə bilib və uğurla donor ölkəyə çevrilib. Həmrəylik ruhu, qlobal rifah, eləcə də ölkələr və millətlər arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə vermək Azərbaycanın xarici siyasətinin ayrılmaz hissəsinə çevrilib.