AYİB-nin Azərbaycanla “yaşıl” əməkdaşlığı

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatına görə, qurum 29-cu iqlim konfransı çərçivəsində digər beynəlxalq maliyyə institutları ilə birgə iqlim dəyişikliyi ilə mübarizəyə, karbonsuzlaşdırmaya həsr olunan 11 müxtəlif tematik tədbir keçirəcək.

Açıqlamada bildirilir ki, bank davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqlik nümayiş etdirir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə, özəl maliyyənin səfərbər olunmasında və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliyin gerçəkləşdirilməsində özünü qabarıq büruzə verir. Beynəlxalq maliyyə qurumu biznesinin azı yarısını “yaşıllaşmaya” yönəltməyi qarşıya önəmli vəzifə kimi qoyur. Ötən il bankın “yaşıl” maliyyələşdirməsinin 6,5 milyard avroya çatması, dünyada iqlimin maliyyələşdirilməsində liderlik səviyyəsinə yüksəlməsi də bunun bariz ifadəsidir.

Xatırladaq ki, AYİB tərəfindən aparılan tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti ilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də yekunlaşıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Maliyyə qurumunun ölkəmizin bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən danışarkən bankın hazırda respublikamızın şərqində 240 meqavatt gücündə külək enerjisi stansiyasının tikintisini maliyyələşdirdiyi daha çox diqqət çəkir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaqla Qafqazda bu cür ən böyük layihədir. Stansiya istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik enerjisinin hasil olunacağı gözlənilir. Ölkəmiz tərəfindən AYİB-in fəaliyyətində xüsusi yer tutan “Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi də yüksək dəyərləndirilir.

AYİB-in ölkəmizdəki fəaliyyəti təkcə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmır. Ümumiyyətlə, Azərbaycan–AYİB əməkdaşlıq imkanları və bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr genişmiqyaslıdır. Maliyyə qurumunun indiyədək respublikamızda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyması, ümumi investisiyaların 13 faizinin özəl sektorun payına düşməsi də bunun bariz təsdiqidir. Bundan başqa, AYİB-in təkcə 2022-ci ildə Azərbaycanda 9 layihəyə 86 milyon avro investisiya qoyması və həmin vəsaitin 71 faizinin “yaşıl iqtisadiyyat”ın inkişafına, bərpaolunan enerji mənbələrinə yönəltməsi isə maliyyə qurumunun ölkəmizin inkişafına əhəmiyyətli töhfəsidir.

 

Ekologiya