İqlim savaşı: milli öhdəliklər, qlobal hədəflər

post-img

Son illər ərzində iqlim dəyişikliyi qlobal səviyyədə ən çox müzakirə olunan və aktual problemlərdən birinə çevrilib. İqtisadi artım, sənayeləşmə və əhalinin sayının çoxalması istixana qazlarının emissiyalarının yüksəlməsinə təsir göstərib və bu, planetdə iqlim tarazlığının pozulması ilə nəticələnib.

Beynəlxalq aləmdə iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin və ölkələrin bu sahədə öhdəliklərinin icrasına nəzarət mexanizmlərinin işlənib hazırlanması artıq qlobal zərurətə çevrilib. Ekspertlər bildirirlər ki, iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biri 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qəbul edilən Paris sazişi olub. Bu saziş qlobal istiləşməni 2°C-dən aşağı saxlamağı və potensial olaraq 1,5°C ilə məhdudlaşdırmağı hədəfləyib. Paris sazişi ilə bağlı hər bir iştirakçı ölkə emissiyaların azaldılması və iqlim dəyişikliyinə adaptasiya üzrə səyləri əks etdirən “Milli səviyyədə müəyyənləşdirilən töhfələr” hazırlamağı və həyata keçirməyi öhdəsinə götürüb. Burada adı çəkilən sazişdə nəzərdə tutulan məqsədləri gerçəkləşdirmək üçün müəyyən planlar hazırlamaqla yanaşı, həm də onların icrasına ciddi nəzarətin diqqətdə saxlanılması qarşıya önəmli vəzifə kimi qoyulub.

İqlim öhdəliklərinin icrasına nəzarət mexanizmlərinə monitorinq, hesabatlılıq və yoxlama sistemləri, maliyyə və texniki dəstək, eləcə də öhdəliklərin qiymətləndirilməsi, habelə nəzərdən keçirilməsi mexanizmləri kimi müxtəlif yanaşma və vasitələr daxildir. Bu mexanizmlər şəffaflığın, hesabatlılığın gerçəkləşdirilməsində və ölkələr arasında etimad səviyyəsinin artırılmasında mühüm rol oynayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqlim sahəsində tədbirlərinin monitorinqi sənədində Beynəlxalq İqlim Fəaliyyəti Proqramının əhatə etdiyi və 51 ölkəyə yönələn iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin icmalı verilib. Bu, siyasətçilər və praktiklərdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindəki tendensiyalar haqqında aydın təsəvvür yaratmaq üçün hazırlanıb.

Adı çəkilən təşkilatın son hesabatı göstərir ki, “Milli səviyyədə müəyyənləşdirilən töhfələr” sənədi çərçivəsində iqlim dəyişikliyinin nəticələrinin azaldılması üzrə öhdəliklər Paris sazişinin məqsədlərinə nail olmaq üçün lazımi səviyyəyə çatmır.

Paris sazişinin yüzilliyin sonuna kimi temperaturu 1,5°C-ə qədər məhdudlaşdırmaq hədəfinə nail olmaq üçün 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını qlobal miqyasda 2019-cu illə müqayisədə 43 faiz azaltmaq lazımdır. Lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri 2020-ci il emissiyaları ilə müqayisədə tullantıları 28 faiz, bu təşkilata tərəfdaş ölkələr isə 5 faiz azaltmağı öhdələrinə götürüblər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında bildirilir ki, Paris sazişinin hədəfinə nail olmaq üçün proqnozlaşdırılan azalmalara nail olmaq məqsədilə bu qurum və onun tərəfdaş ölkələri emissiyaların azaldılması üzrə hədəflərini, ümumilikdə, ən azı daha 30 faiz artırmalıdır.

Sözügedən təşkilatının riayət etdiyi iqlim qərarlarının artım sürəti 2022-ci ildə ləngiyib. Bu qurum ilə tərəfdaş ölkələrin milli iqlim tədbirlərinin artım sürəti 2022-ci ildə yalnız 1 faiz artıb. 2000–2021-ci illər ərzində imzalanan qərarların orta artım sürəti isə 10 faiz təşkil edib.

2022-ci ildə artımın ləngiməsi ölkələrin iqlim siyasətlərinə mənfi təsir edib. Məhz bunun nəticəsidir ki, dövlətlərin əvvəlki kimi mövcud siyasətləri sərtləşdirmək və ya hazırda geniş istifadə olunmayan yeni strategiyalar qəbul etmək üçün bir çox variantları (məsələn, tikinti və nəqliyyat sektorlarında karbon qiymətlərinin müəyyənləşdirilməsi, qadağalar və qazıntı yanacağı hasilatı, yaxud yaxud qazıntı yanacağına əsaslanan infrastrukturdan mərhələli imtina) yenidən nəzərdən keçirilib.

2010–2020-ci illər ərzində 14 ölkə emissiyalarını artırıb. Braziliya, Çin Xalq Respublikası, İndoneziya və Hindistan kimi ölkələrdə emissiyalar yüksəlsə də gözlənilən pik həddə çatmayıb. 2020-ci ildə emissiyaların artımı 2010-cu il səviyyəsi ilə müqayisədə Çində 34 faiz, Hindistanda isə 37 faiz təşkil edib. Ölkələr Paris sazişinin məqsədlərinə çatmaq üçün növbəti 10 il ərzində emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı olacaqlar.

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktroru Fatih Birol Azərbaycan mediasına müsahibəsində dediyi kimi, ölkələr yeni milli səviyyədə müəyyən olunan töhfələr verməlidirlər. “Bütün yollar Bakıya aparır. Ölkələr yeni milli səviyyədə müəyyənləşdirilən töhfələr verməlidirlər. 2035-ci ilə qədər nə edəcəkləri barədə qəti qərara gəlməlidirlər. Bu planlarda qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsində saxlamaq məqsədi önə çıxarılmalıdır”, – deyə F.Birol bildirib.

BEA-nın icraçı direktoru qeyd edib ki, COP29-da o, zəngin və aşağı gəlirli ölkələrin, eləcə də Şimal və Cənubun bu qlobal problemin öhdəsindən gəlmək üçün bir araya gəlməsini görmək istəyir: “Bu, təkcə varlılar üçün deyil, həm də yoxsul ölkələr üçün, təkcə Şimal üçün deyil, həm də Cənub üçün, bir sözlə, bütün ölkələr üçün bir çağırışdır. Əgər biz geosiyasi parçalanmaları, geosiyasi fikir ayrılıqlarını bir kənara qoyub qlobal məsələyə diqqəti yönəldə bilsək və bəzi konkret qərarlar qəbul edib konkret məqsədlər üzərində razılaşa bilsək, COP29 bu qlobal məqsədə çatmaqda uğurlu mərhələ kimi yadda qalacaq”.

BEA-nın icraçı direktrorunun sözlərinə görə, iqlim öhdəliklərinin icrasına səmərəli nəzarət mexanizmləri Paris sazişinin məqsədlərinə və qlobal iqlim dayanıqlılığına nail olmaq üçün əsasdır. Monitorinq, hesabatlılıq və yoxlama ölkələrə və beynəlxalq ictimaiyyətə irəliləyişi izləmək, problemləri aşkarlamaq və iqlim dəyişikliyi ilə daha səmərəli mübarizə üçün strategiyaları tənzimləmək imkanı verir.

Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti qiymətləndirilməlidir. Texniki və maliyyə potensialının inkişafı, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək iqlim öhdəliklərinin uğurla həyata keçirilməsində əsas rol oynayır. Bundan başqa, qiymətləndirmə və nəzərdən keçirmə mexanizmləri ölkələrin öz planlarını təkmilləşdirməsinə və əldə edilən təcrübə və yeni elmi sübutlara əsaslanaraq ambisiyalarını yüksəltməyə imkan verir.

Gələcəkdə ölkələrin iqlim dəyişikliyi çağırışlarına adekvat cavab verə bilmələrini gerçəkləşdirmək üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi davam etdirilməlidir. Beynəlxalq ictimaiyyət iqlim hədəflərinə nail olmağa və ortaq gələcəyimizi qorumağa müsbət təsir göstərəcək daha ədalətli və dayanıqlı sistemin qurulması üzərində fəal şəkildə çalışmalıdır.

 

Ekologiya