Son 30 ildə karbon tullantıları 33 milyard tondan 54 milyard tona çatıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində həyəcan təbili çalıb.
Görkəmli ictimai-siyasi xadim bildirib ki, əgər 30 il əvvəl bəşəriyyət atmosferə ildə 33 milyard ton karbon qazı buraxırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur: “Bu gün karbon qazının konsentrasiyası Yer kürəsinin son 2 milyon ildə metan və azot oksidləşməsi isə son 800 min ildə ən yüksək səviyyədədir”.
İ.Serageldin vurğulayıb ki, iqlim dəyişikliyinin ziyanını azaltmağa kömək edəcək mühüm qərarlar qəbul edilməli, bunun üçün birgə səmərəli fəaliyyət göstərilməlidir. Yalnız bu yolla vəziyyət düzəldilə və bəşəriyyət fəlakətdən xilas edilə bilər.