“Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirlərinə dair məlumatlılığın artırılması məqsədilə tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, iyulun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Haqları İnstitutu və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans keçirilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda dövlət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekologiya könüllüləri iştirak edib.
Konfransda giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində muxtar respublikada həyata keçirilən tədbirlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva giriş nitqi söyləyərək hazırda dünyada mövcud olan qlobal iqlim problemlərinin insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaratdığını bildirib və iqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə, habelə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Sonra BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo qlobal iqlim dəyişikliyinin müxtəlif sahələrə təsiri, bu istiqamətdə yeni yanaşmaların və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Vüsalə Muradxanlı və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Aysel Nəcəfli slayd vasitəsi ilə çıxış edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri və COP-29 prizmasından Azərbaycan mövzularında ətraflı məlumat veriblər.
Çıxışlar zamanı ölkəmizdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı mühüm səylər göstərildiyi, o cümlədən dövlət proqramları, fəaliyyət planları və strategiyaların qəbul edilərək icra olunduğu diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.