Təbiət sınağa çəkir

post-img

Leysanın fəsadları aradan qaldırılır

Ölkəmizdə davam edən qeyri-sabit hava şəraiti bir sıra ərazilərdə fəsadlar törədib. Dünən saat 21:29-a olan məlumata əsasən, Xızıda sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin mə­lumatına görə, Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissə­sində bir neçə avtomobil güclü yağı­şın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanıb və vətəndaşlar köməksiz vəziyyətdə qa­lıb. Bundan dərhal sonra həmin na­zirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına bax­mayaraq, operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticə­sində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xi­las edilib.

Fövqəladə Hallar Nazirliyinin əra­ziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xı­zı-Giləzi yolunun qeyd edilən hissə­sində çətin vəziyyətdə qalan digər avtomobillər də təhlükəsiz əraziyə çıxarılıb.

Goranboy rayonunun Börü, Gür­zallar kəndlərində, Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində isə dağlar­dan axıb gələn sel sularının yarat­dığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Aldığımız məlumata əsasən, leysan yağışlardan sonra Aşağı Ağ­cakənd qəsəbəsində və yaxın kənd­lərdə sel, yağış suları həyətyanı sahələrə, evlərin zirzəmilərinə dolub, əkin sahələrinə zərər dəyib. Sel su­ları həyətlərdəki su nasoslarını sı­radan çıxarıb, bəzi evlərin qapı və divarlarına zərər yetirib.

Goranboy Rayon İcra Hakimiy­yətindən bildirilib ki, selin yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Komissiyasının üzvləri həmin yaşayış məntəqələrin­də olublar, dəymiş ziyanın miqdarı­nın hesablanmasına başlanılıb.

Qeyd edək ki, güclü yağışlardan sonra hazırda Goranboy rayonu əra­zisindən axan Gorançay və Qaraçay çaylarında bolsululuq müşahidə olu­nur.

Göygöl rayonunda da leysan yağış­lardan sonra şəxsi təsərrüfatlara zərər dəyib. Rayondan verilən məlumata görə, leysan yağışlar nəticəsində Göy­göl şəhərinin bir neçə küçəsində yer­ləşən fərdi evlərə, həyətyanı sahələrə yağış suları dolub. Qeyri-sabit hava şəraiti səbəbindən əkin sahələrinə də zərər dəyib. Hazırda yaranmış proble­min aradan qaldırılması istiqamətində işlər aparılır.

Qəbələ rayonunda isə iri gövdə­li ağac küləyin təsirindən Qaramər­yəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb. Xilasedi­cilər aşmış ağacı hissələrə kəsib yol­dan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.

Dünən axşam saatlarında Oğuz şəhərinə yağan leysan yağışı nəticə­sində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.

Dünən saat 16:00-a olan məluma­ta əsasən, Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xa­rakterli yağış yağıb.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin sözlərinə görə, böl­gələrdə avqust ayının 30-dək qeyri-sa­bit hava şəraiti davam edəcək. Belə ki, yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Gözlənilən intensiv leysan yağışları ilə əlaqədar respublikanın dağ çaylarında, Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Lənkəran, Astara bölgəsi, o cümlədən, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunun ərazisindən axan bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

“Xalq qəzeti”

Ekologiya