Xaçmaz rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyası çərçivəsində 400-dən çox ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinin kənarlarında yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilib.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyinin yerli qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri aktiv iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Ekoloji aksiyada yeni əkilən ağaclar suvarılıb, tinglərə aqrotexniki qulluq göstərilib.