Avropanın 10 ölkəsi qitənin şimalında Rusiyadan gələn potensial təhdidlərin qarşısını almaq məqsədilə birgə dəniz qüvvələri yaratmaq barədə razılığa gəlib. Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri, general Qvin Cenkinsin sözlərinə görə, bu çoxmillətli birləşmə NATO-nun fəaliyyətini tamamlayan bir struktur kimi çıxış edəcək.
"The Guardian" qəzetinin yaydığı məlumata əsasən, Birləşmiş Krallıq, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Hollandiya və Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva) bu qüvvələrin yaradılmasına dair niyyət bəyannaməsi imzalayıblar. Yeni qurumun əsas prioriteti birgə təlim və hərbi təhsil proseslərini təşkil etmək olacaq. Ehtiyac yarandığı təqdirdə, çoxmillətli dəniz qüvvələrinin komandanlığını Britaniya Silahlı Qüvvələrinin Qərargahı öz üzərinə götürəcək.
General Cenkins vurğulayıb ki, bu təşəbbüs real hərbi əməliyyatlar baş verəcəyi təqdirdə tərəfdaşlar arasında yüksək səviyyəli inteqrasiyanı, çevik müharibə planlarının hazırlanmasını və praktiki imkanların birləşdirilməsini təmin edəcək.
Nəşr onu da bildirib ki, ABŞ bu dəniz qüvvələrində iştirak etməyəcək, lakin hazırda Kanadanın birliyə qoşulma ehtimalı nəzərdən keçirilir.
S.ELAY
XQ

