ABŞ-da unikal dron-parazit təqdim edilib - VİDEO

post-img

ABŞ-ın “Lockheed Martin” şirkəti öz daxili maliyyə resursları hesabına hazırladığı yeni sualtı pilotsuz aparatı – Lamprey sistemini ilk dəfə ictimaiyyətə təqdim edib. Bu platforma dəniz əməliyyatlarında asimmetrik imkanları genişləndirən innovativ konsepsiya kimi qiymətləndirilir və klassik sualtı dronlardan fərqli xüsusiyyətlərə malikdir.

Lamprey adını parazit minoq balığından götürüb. Həmin balıq digər su canlılarına yapışaraq onların hesabına hərəkət edir və mövcudluğunu təmin edir. Eyni prinsip bu pilotsuz aparatın konstruksiyasında tətbiq olunub. Dron 16 ədəd xüsusi yapışma mexanizmi ilə təchiz edilib və bu vasitə ilə gəmilərin və ya sualtı qayıqların gövdəsinə bərkidilə bilir. Beləliklə, o, hədəf istiqamətində gizli şəkildə, passiv “daşınma” üsulu ilə hərəkət edir və özünü aşkarlatmadan əməliyyat zonasına çata bilir. Bu yanaşma enerji sərfiyyatını minimuma endirir və platformanın əməliyyat radiusunu dolayı yolla genişləndirir.

Sistemin diqqət çəkən xüsusiyyətlərindən biri də enerji təminatı ilə bağlıdır. Lamprey başqa gəmiyə yapışdığı müddətdə xüsusi generator sistemini işə salaraq batareyalarını doldura bilir. Bu isə o deməkdir ki, aparat hədəf nöqtəsinə çatarkən maksimum enerji ehtiyatına malik olur. Belə mexanizm uzun məsafəli əməliyyatlarda logistika yükünü azaldır və gizli fəaliyyət imkanlarını artırır. Xüsusilə Hind–Sakit okean regionu kimi intensiv kommersiya gəmiçiliyi olan ərazilərdə bu xüsusiyyət strateji üstünlük yarada bilər.

Lamprey modul tipli faydalı yük bölməsi ilə təchiz olunub və müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilir. Nümayiş etdirilən konfiqurasiyalar arasında sualtı qayıqların akustik siqnallarını imitasiya edən saxta hədəf modulu yer alır ki, bu da düşməni çaşdırmaq, onun müdafiə sistemlərini aktivləşdirmək və mövqeyini müəyyən etmək üçün istifadə oluna bilər. Digər variant kiçik torpedalarla silahlanmadır və bu, kiçik suüstü və sualtı hədəflərə qarşı zərbə imkanları yaradır. Üçüncü konfiqurasiya isə pilotsuz aparatların buraxılış qurğularını əhatə edir və həm kəşfiyyat, həm də zərbə missiyalarının icrasına şərait yaradır. Modul prinsipi gələcəkdə əlavə silah və sensor sistemlərinin inteqrasiyasına imkan verir və platformanı çevik əməliyyat alətinə çevirir.

Bununla belə, Lamprey-in texniki xüsusiyyətləri tam açıqlanmayıb. Ölçüləri, sensor avadanlığı, rabitə və naviqasiya sistemi barədə məlumatlar məhduddur. Analitiklərin qiymətləndirməsinə görə, aparat kiçik ölçülü olacaq və müstəqil hərəkət rejimində əməliyyat radiusu məhdud qala bilər. Lakin “yapışaraq hərəkət” və yolboyu enerji doldurma mexanizmi bu məhdudiyyəti qismən kompensasiya edir. Sualtı mühitdə uzaq məsafəli idarəetmə və məlumat ötürülməsi mexanizmləri isə hələlik qeyri-müəyyən qalır.

Hərbi-strateji baxımdan Lamprey klassik dəniz müharibəsi modelindən kənara çıxan, aşağı görünürlüklü və nisbətən aşağıbüdcəli təsir vasitəsi kimi qiymətləndirilə bilər. Platforma liman və dəniz bazalarının gizli monitorinqi, sualtı donanmaya qarşı hibrid əməliyyatlar, ticarət marşrutları üzərində kəşfiyyat fəaliyyəti və ya daha böyük donanmalara qarşı asimmetrik təsir aləti kimi istifadə oluna bilər. Xüsusilə Hind–Sakit okean regionunda yüksək kommersiya gəmi axını bu sistem üçün maskalanma mühiti yaradır və aparatın kommersiya gəmilərinə yapışaraq uzaq məsafələrə, o cümlədən Çin sahillərinə qədər aşkarlanmadan hərəkət etməsi nəzəri baxımdan mümkün görünür.

Ümumilikdə Lamprey yalnız yeni bir sualtı dron deyil, dəniz əməliyyatlarının transformasiyası istiqamətində atılmış konseptual addımdır. Enerji səmərəliliyi, gizlilik və modul silahlanma prinsipi gələcəkdə dəniz qarşıdurmalarında pilotsuz sistemlərin rolunun daha da artacağını göstərir. Bu tip platformaların yayılması dəniz nəqliyyatının və kommersiya marşrutlarının hərbi-strateji baxımdan daha həssas mühitə çevrilməsi ehtimalını da gücləndirir.

Səbuhi MƏMMƏDOV

XQ


Dünya