Hindistanın şərqindəki Charxand əyalətində doqquz gün ərzində vəhşi fil tərəfindən ən azı 20 nəfər öldürülüb. Əyalət rəsmiləri heyvanın hələ də tutulmadığını bildiriblər.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, ölümlər 1-9 yanvar tarixləri arasında Asiyanın ən böyük meşələrindən birinin yerləşdiyi Qərbi Sinqhbhum rayonunun Çaybasa və Kolhan meşə ərazilərində baş verib. İllərdir ki, bölgədə insan-fil qarşıdurması qeydə alınıb. Rəsmilər və tədqiqatçılar bunu meşə örtüyünün azalması, yaşayış yerlərinin parçalanması və fil dəhlizləri yaxınlığında insan fəaliyyətinin artması ilə əlaqələndirirlər.
Rəsmilər “axtarışda olan” fili tapmaq üçün 100-dən çox meşə işçisinin iştirak etdiyi genişmiqyaslı axtarış əməliyyatının davam etdiyini bildiriblər.
“Bu, görünməmiş bir vəziyyətdir. Bölgədə belə bir ölüm halı ilk dəfədir baş verir”, - deyə sakinlərdən biri bildirib. O əlavə edib ki, bütün ərazi daha çox can və əmlak itkisinin qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib. Onlar heyvanı izləmək, tutmaq və təhlükəsiz şəkildə vəhşi təbiətə qaytarmaq istəyirlər.
Əyalət hökuməti filin öldürdüyü insanların ailələrinə təzminat veriləcəyini bildirib.

