Ərdoğan: Terror təşkilatlarına qarşı mübarizəmiz davam edəcək

post-img

Türkiyə ölkənin sabitliyini və təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı barışmaz mübarizəsini davam etdirəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Məlumatı “Anadolu” verib. 

O, İŞİD terror təşkilatına qarşı əməliyyat zamanı təhlükəsizlik qüvvələri üzvlərinin həlak olması ilə əlaqədar açıqlamada deyib: “Həm ölkəmiz daxilində, həm də xaricdə xalqımızın dincliyini və dövlətimizin təhlükəsizliyini təhdid edən qaniçən qatillərə qarşı qətiyyətli, hərtərəfli və barışmaz mübarizəmizi davam etdirəcəyik”.

Dövlət başçısı əməliyyat zamanı polis əməkdaşlarının həlak olması ilə bağlı başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya daha əvvəl bildirib ki, Türkiyənin şimal-qərbindəki Yalova əyalətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı üç polis əməkdaşı şəhid olub, səkkiz polis əməkdaşı və bir mühafizəçi yaralanıb.

P.ƏMİRCANOV
XQ

Dünya