Almaniyanın avtomobil istehsalçısı Audi (Volkswagen Qrupuna daxildir) ABŞ prezidenti Donald Trampın idxal rüsumlarına görə ABŞ-a avtomobil tədarükünü dayandırır. Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, şirkət nümayəndəsi dilerlərə müvafiq məktubun göndərildiyini təsdiqləyib. Beləliklə, aprelin 2-dən sonra ABŞ-a gətirilən bütün avtomobillər müvəqqəti olaraq saxlanılacaq və dilerlərə verilməyəcək. İndi, nəşrin qeyd etdiyi kimi, dilerlər inventar səviyyələrini azaltmağa diqqət etməlidirlər.
Eyni zamanda, şirkət nümayəndəsi əlavə edib ki, hazırda Audi-nin ABŞ-dakı anbarlarında yeni rüsumlara tabe olmayan və buna görə də satıla bilən 37 mindən çox avtomobil var. Bu, təxminən iki aya kifayət edəcək.
Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib. Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.
S.ELAY
XQ