RF xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya ABŞ-ın Ukrayna ilə bağlı təkliflərini ciddi qəbul edir, lakin onları “olduğu kimi” qəbul edə bilməz. Onun sözlərinə görə, Amerikanın mövqeyi Rusiya-Ukrayna münaqişəsinin ilkin səbəblərinin aradan qaldırılmasını nəzərdə tutmur, bunu düzəltmək lazımdır.
“Kommersant” xəbər verir ki, Ryabkov Vaşinqtonun Kiyevi “müharibəni dayandırmağa” çağırmadığını deyib.
Sergey Ryabkov “International Affairs” jurnalına müsahibəsində deyib: “Şübhəsiz ki, bizim bu mövzuya dair dərin və diqqətlə düşünülmüş prioritetlərimiz və yanaşmalarımız var, onlar bu yaxınlarda Ər-Riyadda amerikalılarla aparılan danışıqlarda bizim danışıq qrupumuz tərəfindən işlənib hazırlanmışdır”.
“Biz Trampdan Kiyevə müharibənin dayandırılması ilə bağlı siqnal eşitməmişik. Bu gün mövcud olan hər şey, amerikalıların təsəvvür etdiyi kimi, atəşkəsə nail olmağa imkan verən hansısa sxem tapmaq cəhdidir”, - diplomat qeyd edib.
Mart ayında Birləşmiş Ştatlar Ukraynada 30 günlük atəşkəs və daha sonra döyüşlərə həmişəlik son qoymaq üçün razılaşma təklif etmişdi. Kiyev bu təklifi qəbul edib. Rusiya prezidenti Vladimir Putin diqqəti nəzərə alınması lazım olan nüanslara, o cümlədən Ukraynanın bu vaxtdan yenidən silahlandırmaq üçün istifadə etməyəcəyinə dair zəmanətlərə diqqət çəkib. ABŞ, Rusiya və Ukrayna arasında ayrı-ayrılıqda məsləhətləşmələrdən sonra tərəflər enerji obyektlərinə, daha sonra isə Qara dənizə hücumları dayandırmaq barədə razılığa gəliblər. Sülh sazişinin şərtləri hələ razılaşdırılmayıb.
P.ƏMİRCANOV
XQ