Polşa “Şərq qalxanı” layihəsi çərçivəsində Belarus və Rusiya ilə sərhədləri minalamağı planlaşdırır

post-img

Polşa “Şərq qalxanı” istehkamlarının tikintisi layihəsi çərçivəsində Belarus və Rusiya ilə sərhəddə piyada əleyhinə minaların quraşdırılmasını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Polşa müdafiə nazirinin müavini Pavel Beyda bunu RMF24 radiostansiyasının efirində Varşavanın piyada əleyhinə minalar barədə Ottava konvensiyasından çıxmaq planlarını şərh edərkən deyib.

“Bizim başqa seçimimiz yoxdur. Belarus və Rusiya ilə sərhədlərdə vəziyyət ciddidir. Minaların yerləşdirilməsi “Şərq Qalxanı” müdafiə sisteminin elementlərindən biri olacaq”, - deyə nazir müavini bildirib.

“Hazırda bizim piyada əleyhinə minalarımız yoxdur, lakin onları istehsal etməyə imkanımız çatır. Burada milyona yaxın minadan söhbət gedir”, - deyə Pavel Beyda əlavə edib.

“Şərq Qalxanı” müdafiə sistemi layihəsi Rusiya və Belarusla sərhəddə istehkamlar, maneələr və bunkerlər şəbəkəsinin inşasını nəzərdə tutur. Dəyəri 10 milyard zlotı (2,5 milyard dollar) həcmində qiymətləndirilən sistemin 2028-ci ilə tamamlanması planlaşdırılır.

Dünya