Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi və bu gündən qüvvəyə minən gömrük rüsumlarına qarşı cavab tədbirlərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası aprel ayından etibarən ABŞ mallarına 26 milyard avro dəyərində gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Avropa Komissiyasının açıqlamasına görə, ilk mərhələdə aprel ayından etibarən ABŞ məhsullarının, o cümlədən burbon viskisi, cins şalvar, motosikletlər, qayıqlar və fıstıq yağı idxalına əlavə gömrük rüsumları tətbiq olunacaq. Qərara əsasən, Amerika məhsulları üçün hazırda qüvvədə olan vergilər aprelin 1-də başa çatacaq. Yeni tariflər aprelin 13-də qüvvəyə minəcək. Yeni rüsumların əhatə edəcəyi digər məhsulların da müəyyənləşdirilməsi üçün iki həftə ərzində müzakirələr aparılacaq.
ABŞ-ın tətbiq etdiyi 25 faizlik yeni gömrük rüsumları Aİ-nin Birləşmiş Ştatlara ümumi ixracatının təxminən beş faizini təşkil edən 26 milyard avro dəyərində Avropa məhsullarına təsir edəcək. Aİ-nin cavab tədbirləri bu itkiləri kompensasiya etməyi hədəfləyir. Komissiyanın məlumatına görə, ABŞ-ın ixrac etdiyi məhsullardan ümumilikdə 26 milyard avro dəyərində mallar gömrük rüsumlarına məruz qalacaq. Birinci mərhələdə bu rüsumlar 8 milyard avro dəyərində məhsullara tətbiq ediləcək, ikinci mərhələdə isə bu rəqəm 18 milyard avroya çatacaq.
“Avropa İttifaqı istehlakçıları və biznes qurumlarını qorumaq üçün hərəkət etməlidir”, - deyə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen vurğulayıb. O, bunun “mütənasib cavab tədbirləri” olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-a idxal olunan bütün polad məhsullarının təxminən 10 faizi, alüminium məhsullarının isə 15 faizi Aİ-dən gəlir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin