Ərdoğan: BMT TŞ-də veto hüququ olan bir İslam ölkəsi olmalıdır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçirilən səfirlərin ənənəvi iftarına qatılıb. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı çıxışında beynəlxalq gündəliyin əsas mövzularına toxunub: “Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunlaşmasının vaxtı çatıb. Dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar qərarvermə proseslərində layiq olduqları şəkildə təmsil olunmalıdırlar”.

Prezident Ramazan ayının bütün bəşəriyyətə, xüsusilə də İslam dünyasına sülh, əmin-amanlıq və firavanlıq gətirməsini arzulayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətin mənfi nəticələri - siyasi qeyri-sabitlikdən tutmuş sosial sülhün məhvinə, qütbləşmənin güclənməsindən tutmuş marginal olaraq qalmalı olan irqçi və ifrat sağçı partiyaların qaçılmaz artımına qədər geniş diapazonda özünü göstərir. İslamofobiya, antiimmiqrasiya, ticarət müharibələri və münaqişələr qaydalara əsaslanan beynəlxalq sistemi durğunluğa gətirib çıxarıb.

Ərdoğan qeyd edib ki, qlobal təhlükəsizlik arxitekturasına və qaydalara əsaslanan sistemə inam azaldıqca, narahatlıq artır və cəngəllik qanunları ön plana çıxır.

Güclülərin zəif üzərində hökmranlığının ciddi problemlərə səbəb olduğunu vurğulayan Ərdoğan əlavə edib ki, zəiflərin, qurbanların, məzlumların, hüquqlarından məhrum olanların hüquqlarını müdafiə edə biləcəyi qapılar bir-birinin ardınca bağlanır.

İnsafsız və amansız beynəlxalq reallıq yaranır ki, burada geridə qalanlar sözün əsl mənasında ksenofobiyanın böyüməsini, terrorizmi, faşist partiyalarının güclənməsini və demək olar ki, hər bir böhranın sürətlə münaqişəyə çevrilməsini bu yeni reallıqdan müstəqil görmək mümkün deyil.

Prezident hadisələrin inkişafının qarşısı alınmasa, hərbi və ya siyasi partlayışlarla nəticələnəcəyini vurğulayıb: “BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi tələbdən daha çox zərurətdir”, - deyə prezident vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya