Pokrovski istiqamətində Ukrayna ordusu Kotlino kəndini nəzarətə götürüb. Bu barədə “Xortitsa” qüvvələrinin əməliyyat-strateji qrupu məlumat yayıb.
Bildirilir ki, hücum əməliyyatları zamanı ukraynalı desantçılar Pokrovsk yaxınlığındakı Kotlino kəndini azad ediblər. Bu kəndin işğalı rəqibə Pokrovsk-Dnepr magistral yoluna çatmağa imkan verərdi, buna görə də Rusiya həmin vaxt onu ələ keçirmək üçün xeyli qüvvə göndərmişdi.
"Desantçılar müdafiə qüvvələrinin aidiyyəti bölmələri ilə birlikdə işğalçılara Kotlinoda möhkəmlənməyə imkan verməyib və işğalçıları kənddən qovublar. Birgə hərəkətlər nəticəsində aşağıdakılar məhv edilib: zirehli transportyor, 12 ədəd avtomobil texnikası", - Xortitsa yazır.
Həmçinin 274 rus hərbçisi öldürülüb, 203-ü yaralanıb.
Döyüşlərin müəyyən fraqmentlərini əks etdirən müvafiq video da yayımlanıb.
Xüsusilə, müdafiəçilərin dediyinə görə, yanvarın sonunda ruslar Kotlinonu ələ keçirmişdilər. Bundan sonra Rusiya ordusu Pokrovsk-Dnepr magistralına çatmaq və orada qüvvələr toplamaq niyyətində idi ki, bu da ümumilikdə bütün Pokrovsk istiqamətində vəziyyəti xeyli pisləşdirə bilərdi.
Belə bir ssenarinin qarşısını almaq üçün yaşayış məntəqəsinin rəqibdən təmizlənməsi qərara alınıb.
Bundan əvvəl hərbi ekspert Yevgeni Diki rusların Pokrovski ələ keçirə bilməmələrinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna artilleriyasının dəqiqliyi Rusiya artilleriyasından 5 dəfə yaxşıdır və bu səbəbdən Ukrayna Silahlı Qüvvələri üstündür.
Eyni zamanda, hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bəyan edib ki, ruslar “sülh” söhbəti fonunda Pokrovska hücuma hazırlaşır. O qeyd edib ki, bu məqsədlə Rusiya qoşunlarının komandanlığı hücumların sayını artırıb.
S.ELAY
XQ