“Kommersant” qəzeti mənbəyə istinad etmədən yazıb ki, fevralın 16-da axşam saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üzrə danışıqlar planlaşdırılıb.
“Politico” fevralın 15-də yazıb ki, mənbələrə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək rütbəli məmurlarından ibarət komanda Ukrayna üzrə sülh danışıqlarına hazırlıqlara başlamaq üçün Səudiyyə Ərəbistanına gedib.
Fevralın 15-də Bloomberg öz mənbələrinə istinadən xəbər verib ki, yaxın həftələrdə Ər-Riyadda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirilə bilər. Agentliyin yazdığına görə, danışıqlar aparan qrupların üzvlərinin gələn həftə Ər-Riyada gəlməsi gözlənilir.
Bloomberg-in məlumatına görə, Rusiya tərəfi Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkinin iştirakını əhatə edə bilər. Telegram kanalları da xarici işlər naziri Sergey Lavrovun Ər-Riyada gözlənilən səfəri ilə bağlı məlumat yayıb. Rusiya hakimiyyəti danışıqlar prosesinin iştirakçılarının tərkibi barədə məlumatı təsdiqləməyib.
Xatırladaq ki, fevralın 14-də ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Ukrayna nizamlanmasına dair görüş elan edib. Amerika lideri bildirib ki, burada Rusiya və Amerika tərəfdən “yüksək rütbəli məmurlar”, habelə Ukraynadan olan nümayəndələr iştirak edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, tərəflər Ər-Riyadı Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşünün mümkün yeri kimi nəzərdən keçirirlər. Səudiyyə Ərəbistanı rəsmiləri də liderlərin sammitinə ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Krallığın Xarici İşlər Nazirliyinin həftənin sonunda verdiyi məlumata görə, onlar bu tədbirə hazırlığa başlamayıbdılar, çünki “tarix hələ müəyyən edilməyib".
S.ELAY
XQ