Dnestryanı bölgə sanksiyaların pozulmayacağı təqdirdə Rusiyadan qaz ala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu TV8 telekanalının efirində bildirib.
“Onlar bizim təklif etdiyimiz şərtlərə əməl etməlidirlər, bu məqsədlə maliyyə vəsaitinin Aİ-dən gəldiyi aydındır. Bu vəsait istilik mövsümünün sonuna qədər nəzərdə tutulub. Əks halda, onlar Rusiya qazını və ya rus pulu ilə alınan qazı beynəlxalq sanksiyaları və Moldova Respublikasının qanunvericiliyini pozmayan formul ilə gətirməyin yolunu tapmalı olacaqlar.
Bu gün oxudum ki, Slovakiya “Qazprom”dan “Türk axını” vasitəsilə qaz alır. Slovakiya Aİ-nin üzvüdür. Bu isə o deməkdir ki, əgər bunu edə bilirlərsə, deməli, sanksiyalar rejimi pozulmur. Bu, həm də alternativ marşrutun olduğunu təsdiqləyir, çünki Moskva onun mövcud olmadığını iddia edirdi”, –deyə M.Sandu vurğulayıb.
Xatırladaq ki, Aİ bu yaxınlarda Dnestryanı bölgənin enerji ehtiyaclarını ödəmək üçün aprelin ortalarına qədər 60 milyon avro ayrılması barədə əlavə təkliflə çıxış edib.
Bununla belə, yardım Dnestryanı bölgə administrasiyasının qəbul etməli olduğu bir sıra şərtlərə tabe olacaq. Bunlar - regionda insan hüquq və əsas azadlıqlarına riayət olunması ilə bağlı konkret addımlardır. Yardımdan istifadə edilməzdən əvvəl onlar Moldova Respublikası hökuməti ilə razılaşdırılmalıdır. Həmçinin regionda istehlakçılar üçün elektrik enerjisinin tariflərini bazar qiymətlərinə uyğun tədricən yeniləyəcək bir plan olmalıdır.
Bundan əlavə, məhsul ixrac edən böyük şirkətlər dəstək paketindən çıxarılacaq və enerji üçün bazar qiymətlərini ödəmək məcburiyyətində qalacaqlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu