ABŞ rəsmisi Ukraynanın itkiləri haqda danışıb

post-img

Rusiya ilə münaqişə zamanı Kiyev rejimi ABŞ-ın Koreya və Vyetnam müharibələri zamanı itirdiyindən daha çox hərbçi itirib. Bunu ABŞ prezidentinin Ukrayna üzrə müşaviri Keyt Kelloq yanvarın 24-də “Fox News” telekanalına müsahibəsində bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Ukrayna artıq münaqişədə ABŞ-ın Koreya və Vyetnam müharibələrindəki itkilərindən daha çox itki verib”, - siyasətçi deyib.

Qeyd edək ki, Koreya müharibəsi zamanı (1950-1953) 36 mindən çox ABŞ əsgəri ölüb. Vyetnam müharibəsinin 20 ili ərzində (1955-1975-ci illər) isə ABŞ 58 mindən çox hərbi qulluqçusunu itirib.

Kelloq əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampa Ukraynadakı mövcud vəziyyətlə bağlı məruzə edib. O, münaqişənin sona çatacağına inandığını qeyd edib və bunun sülh yolu ilə baş verməli olduğunu vurğulayıb.

Bundan əvvəl, 2024-cü il noyabrın 13-də Ali Radanın deputatı Aleksandr Dubinski Ukraynanın gündəlik itkilərini 1,5 min nəfər kimi qiymətləndirmişdi.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya