Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib

post-img

“OpenAI” şirkətinin baş direktoru Sem Altman, “SoftBank”ın sədri Masayoşi Son və “Oracle”in qurucusu Larri Ellison Trampın “Stargate” layihəsinin istifadəyə verildiyini elan etdiyi mətbuat konfransının iştirakçıları arasında olublar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Prezident Donald Tramp çərşənbə axşamı, yanvarın 21-də Yaponiya nəhəngi “SoftBank”, “Oracle” və “ChatGPT”nin yaradıcısı “OpenAI” şirkətinin rəhbərlik etdiyi süni intellektin inkişafı üçün infrastrukturun yaradılması üzrə iri investisiya layihəsini elan edib.

“Stargate” adlandırılan layihə “ABŞ-da süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacaq”, -deyə Tramp Ağ evdə etdiyi çıxışda bildirib.

ABŞ Prezidenti ikinci müddət üçün andiçmə mərasimində qeyd edib: “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir”.

Layihə böyük texnoloji şirkətlərin süni intellektin böyük hesablama tələblərini ödəmək və yeni texnologiyaların genişləndirilməsi üçün lazım olan elektrik enerjisini tapmaq üçün mübarizə apardıqları bir vaxta təsadüf edir.

Tramp “Stargate”in kütləvi məlumat mərkəzlərinin qurulması da daxil olmaqla, süni intellektdə gələcək nəsil irəliləyişləri dəstəkləmək üçün fiziki və virtual infrastruktur yaradacağını deyib.

“SoftBank” və “OpenAI” şirkəti “Stargate”in aparıcı tərəfdaşlarıdır, onlardan birincisi maliyyə məsuliyyətinə, ikincisi isə əməliyyatlara cavabdehdir. Bəyanatda, həmçinin “Arm”, “Microsoft”, NVIDIA, “Oracle” və “OpenAI” şirkətlərinin başlanğıcda əsas texnoloji tərəfdaşlar olduğu deyilir.

“Texas ştatında tikinti işləri artıq başlayıb və biz yekun razılaşmalara əsaslanaraq ölkə daxilində əlavə kampuslar üçün potensial saytları qiymətləndiririk”, - deyə məlumatda qeyd olunub.

Texas sürətlə böyük texnologiya investisiyaları üçün Kaliforniyanın alternativinə çevrilir.

Ellison Ağ evdə etdiyi qısa açıqlamada süni intellektin vəd etdiyi tibbi yeniliklərə, məsələn, qan testi vasitəsilə xərçəngin erkən aşkarlanmasına diqqət çəkib.

İnvestisiya ilə bağlı gözlənilən açıqlama, Trampın sələfi Co Baydenin güclü süni intellekt modelləri hazırlayan şirkətlərə nəzarəti tətbiq edən Sərəncamını ləğv etməsindən bir gün sonraya təsadüf edir.

Həmin mətbuat konfransında Tramp “X” sosial platformasının sahibi milyarder İlon Maskın Çin tətbiqi “TikTok”u satın almaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

“O, “TikTok”u satın almaq istəsə, etiraz etməzdim”, - deyən Tramp, həmçinin milyarderin ABŞ-da qısa müddətə bloklanan, lakin sonradan Prezidentin sərəncamı ilə möhlət verilən videoplatformanı alması ilə bağlı hər hansı problemin olub-olmadığını soruşub.

Dünya