Fransa prezidenti Emmanuel Makron ölkənin silahlı qüvvələrinin potensialını gücləndirmək istəyir. Bu məqsədlə daha çox gənc könüllülərin cəlb olunması layihəsini elan edib. By barədə “Le Monde” qəzeti yazıb.
Makron Cesson–Sevignedə hərbçilər qarşısında çıxışı zamanı deyib: “Biz könüllüləri müəyyən etmək üçün daha yaxşı iş görməliyik ki, onlara təlim keçək və ordunu materik Fransada və ya başqa yerlərdə gücləndirmək vaxtı gələndə səfərbər edə bilək”.
Fransa lideri gənclərə xidmət etmək üçün “seçim vermək” istədiyini söyləyib. Jurnalistlər qeyd ediblər ki, Makron hələlik təşəbbüsünün dəqiq təfərrüatlarını açıqlamayıb. Bununla yanaşı, o, Fransanın müdafiə prioritetlərinin yenilənmiş strateji icmalını da təqdim edib. Makron müvafiq tədbirləri “yaranmış təhdidlər”lə əlaqələndirib. Bu, ilk növbədə, Ukraynadakı müharibə ilə bağlıdır. “Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?”, – o deyib. Makron iddia edir ki, Rusiya–Ukrayna müharibəsi “sabah və ya ertəsi gün” bitməyəcək: “Gəlin özümüzü aldatmayaq”.
Makronun fikrincə, müharibə bitdikdən sonra da Avropanın təhlükəsizliyinə təhdidlər aradan qalxmayacaq, bəlkə də daha da artacaq. Fransa lideri həmçinin Avropa ölkələrini dünya səhnəsində qüvvələr balansında dəyişikliklərə hazır olmağa çağırıb. Vurğulayıb ki, gələcək sülh danışıqlarında Ukraynanın mövqeyini gücləndirmək üçün ona fəal yardım prioritet hesab edilməlidir: “Bugünün problemi Ukraynaya sağ qalmaq üçün güclü mövqedən gələcək danışıqlara başlamaq imkanı verməkdir”.
Fransa lideri deyib ki, gələcəkdə hərbi əməliyyatlar dayandırıldıqdan sonra əsas vəzifə Ukraynaya öz ərazisində istənilən döyüşün bərpasına qarşı təminat vermək, həmçinin Avropanın təhlükəsizliyini artırmaq olacaq. Makron Ukraynaya təminatın verilməsini orada Avropa qoşunlarının, o cümlədən Fransa hərbçilərinin yerləşdirilməsində görür. Bunun üçün də Fransanın ordunu “başqa yerlərdə gücləndirmək vaxtı gələndə” gəncləri səfərbər etməyə, yəni ehtiyat qüvvələrə ehtiyacı olacaq.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarının ölkə ərazisinə xarici qoşunların yerləşdirilməsi təşəbbüsünü təminatlardan biri adlandırıb. Dekabrda “The Wall Street Journal” mənbələrə istinadən yazmışdı ki, Tramp atəşkəs rejiminə nəzarət missiyasını yerinə yetirmək məqsədi ilə Ukraynada Avropa qoşunlarını yerləşdirmək istəyir. Respublikaçı bu arzusunu Parisdə Zelenski və Makronla görüşdə səsləndirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya avropalı sülhməramlıların göndərilməsinin mümkünlüyünün danışıqlar zamanı müzakirə oluna biləcəyini etiraf edib, lakin hazırda onlar üçün heç bir ilkin şərtlərin olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya dəfələrlə atəşkəs yox, sülh tərəfdarı olduğunu və sülhün onun şərtləri yerinə yetirildikdən və məqsədlərinə çatdıqdan sonra gələcəyini bildirib.
Fransa prezidentinin ordunu gücləndirmək istəyi həm də keçmiş müstəmləkələrində zəifləmiş mövqeyi ilə bağlıdır. Ötən dövrdə Yelisey sarayı Fransa qoşunlarını Mali, Niger, Burkina Faso və Mərkəzi Afrika Respublikasından geri çəkib. Artıq Çaddan da fransız hərbçiləri çəkilir. Bu ölkələr ərazilərində başqa dövlətlərin hərbi bazalarını istəmirlər. Onlar rəsmi Parisin cinayətlərinə şahiddirlər. Bu ölkələr zəngin xammal yataqlarına sahib olsalar da, dünyanın ən kasıbları arasındadırlar. Paris onların inkişafı ilə deyil, talan edilməsi ilə məşğul olub.
Artıq Yeni Kaledoniya, Mayotta və Reyunyon adaları Fransanın müstəmləkə zülmündən azad olmaq uğrunda mübarizə aparırlar. Bu adalar Fransa tərəfindən istismar olunur, xammaları talan edilir. Azadlıq hərəkatını yatırmaq üçün isə Fransa gənclərin səfərbərliyinə önəm verir.
Makron hərbçilər qarşısınada çıxışı zamanı Avropanı “strateji oyanış”a da çağırıb və bildirib ki, avropalılar özləri bununla məşğul olmalıdırlar. Əks halda sülh və təhlükəsizlik olmayacaq: “Avropa təhlükəsizlik məsələlərini ABŞ-a həvalə etməyi dayandırmalıdır. Qitənin geosiyasi səhnədən yoxa çıxmaması üçün hərəkətə keçmək vaxtı çatıb. Avropalılar olmadan qitədə sülh və təhlükəsizlik ola bilməz”.
O qeyd edib ki, NATO təhlükəsizlik sahəsində əsas rol oynayır və avropalılar da öz töhfəsini vermək istəyirlər: “NATO-ya Avropanın dəstəyi alyansın əhəmiyyətini azaltmır, lakin biz strateji “oyanış” üçün məsuliyyəti öz üzərimizə götürməliyik. Avropa İttifaqı dünyanın digər ölkələrinə... öz suveren sərhədlərinə hücum etməyə icazə verə bilməz. Bizə güclü ordu lazımdır”.
Belə bir şəraitdə Fransa da daxil olmaqla Avropa müdafiə xərclərini artırmağa hazırlaşır. Bu məqsədlə hərbi xərcləri maliyyələşdirmək planları genişlənir. ABŞ-nin töhfəsinin azalacağını gözləyən Avropa İttifaqı xərcləri 500 milyard avro dəyərində zəmanətli istiqrazlarla maliyyələşdirəcək.
Eyni zamanda, Avropadan olan NATO üzvləri məqsədyönlü xərclərin ÜDM-in 2 faizdən 3 faizə qədər artırılmasını müzakirə edirlər. Bu nisbət hələ də ABŞ prezidenti Donald Trampın onlardan istədiyi 5 faizdən çox aşağıdır. O bildirmişdi ki, Avropa tərəfindən müdafiə üçün xərclərin kifayət qədər olmaması alyansın təhlükəsizliyini zəifldir. Trampın sözlərinə görə, Vaşinqton administrasiyası gələcəkdə ölkə vətəndaşlarına izah edə bilməyəcək ki, amerikalılar xarici ölkələrdə öz həyatlarını qurban verməkdə davam etdikləri halda, nəyə görə bəzi ölkələr NATO üzrə kollektiv müdafiə işinə öz töhfələrini vermək istəmirlər.
Deməli, ABŞ Avropanın təhlükəsizliyini öz üzərinə götürmək istəmir. Avropalılar öz təhlükəsizliklərinə cavabdehlik daşıyacaqlar.
İstənilən halda, bir vaxtlar dünyaya hökm edənlərdən olmuş Fransa artıq qlobal miqyasda çöküşünü yaşayır. Güclü ordu da onu xilas edə bilməyəcək.
P.ƏFƏNDİYEV
XQ