Ukrayna sülh danışıqlarında ərazi itirmək riski ilə qarşılaşa bilər

post-img

ABŞ-ın yeni seçilmiş prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan general Keyt Kelloq Kiyevə əvvəlcədən planlaşdırdığı səfərini təxirə salıb. Bu barədə “Reuters” agentliyi məlumat verib.

Kelloqun təkcə Kiyevə deyil, həm də Roma və Parisə səfəri nəzərdə tutulurdu. Agentlikdən bildirilib: “Kelloq ilkin olaraq yanvarın əvvəlində Ukrayna hakimiyyəti ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırırdı. Kiyevdə o, Ukrayna rəhbərliyi ilə görüşmək niyyətində idi. Bundan əlavə, onun komandası Paris və Romada yüksək rütbəli siyasətçilərlə görüşlərin hazırlanmasında iştirak edirdi. Səfərin əsas məqsədi Ukraynada müharibəyə son qoymaq üçün aktiv danışıqlar deyil, daha çox ABŞ-ın yeni administrasiyası üçün məlumatların toplanması idi. Səfər təxirə salındı. Kelloqun Donald Trampın vəzifəyə başlamasından sonra Ukraynaya gedəcəyi gözlənilir. Amma bu səfərin tarixi də müəyyən deyil”.

Trampın nümayəndəsi Ukraynaya səfərdən sonra dəvət ediləcəyi təqdirdə Moskvaya səfər etməyə hazır olduğunu da bildirmişdi. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Ukrayna münaqişəsinin potensial həlli ilə bağlı Tramp administrasiyası ilə dialoqdan imtina etmir, lakin bunun üçün onun narahatlığı nəzərə alınmalıdır. Nazir münaqişənin əsas səbəbləri arasında ikisini xüsusiylə vurğulayıb: NATO-nun Şərqə, Rusiya sərhədlərinə qədər genişlənməsi və 2014-cü il Avromaydanından sonra rus dilinin istifadəsinə qanunvericilik məhdudiyyətləri. Lavrovun sözlərinə görə, bu məsələlər öz həllini tapmalıdır.

ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi isə 2025-ci il yanvarın 20-nə təyin edilib. “Reuters”un qeyd etdiyi kimi, Kelloqun bundan əvvəl Avropaya səfər etmək niyyəti Trampın Ukraynadakı müharibənin həllinə böyük əhəmiyyət verdiyini göstərir. Agentlik qeyd edib ki, Kelloq Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bitirmək üçün Trampa təklif olunan planlardan birinin həmmüəllifidir. Bu plana görə, Vaşinqton Moskva ilə sülh danışıqlarına başlamasa, Kiyevi hərbi yardımdan imtina etməklə hədələyəcək. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putini ABŞ-ın Ukraynaya dəstəyi artırmaq üçün təhdidləri ilə sülhə inandırılmalıdır. 

Bununla belə, danışıqların asan olmayacağı da dəqiqdir. Çünki Trampın Ukraynanı ərazi itirmək riskinə inandıracağı gözlənilir. Əks halda, müharibə davam edərsə, ABŞ-ın kəsilən yardımları fonunda Ukrayna, onsuz da, atəşkəsi qəbul etməyə məcbur olacaq. Ukraynanı çətin vəziyyətə salacaq digər səbəb Avropa İttifaqının (Aİ) Kiyevə verdiyi dəstəyin azalması olacaq. Artıq Ukraynaya dəstəyi şübhə altına alan və ya münaqişədən tezliklə çıxmağa çağıran səslər, hətta bu, Aİ üzvlüyünə namizəd olan Ukrayna üçün zərərli olsa belə, güclənir. Bir sıra Aİ ölkələri Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Belə dövlətlər arasında Macarıstan, Slovakiya və Avstriya var.

Bundan əvvəl “The New York Times” yazıb ki, Slovakiyanın baş naziri Robert Fitsonun Rusiya Federasiyasına səfəri və onun prezident Vladimir Putinlə apardığı danışıqlar Rusiyanı təcrid etməyə çalışan Qərb siyasətinin iflasından xəbər verir.

Deməli, Avropa ölkələrinin Ukraynaya uzunmüddətli yardımı davam etdirə bilməyəcəyi, maliyyə və sosioloji çətinliklər yaşayacağı da qaçılmazdır. O da məlumdur ki, Avropa Rusiyanın enerji resurslarından asılıdır və enerjinin ABŞ-dan və digər mənbələrdən alınmasının yüksək xərclərinə görə ABŞ-sız Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyəcəklər. Ona görə də Zelenskinin sülh danışıqlarında ərazi itirmək riskindən başqa yolu yoxdur

Ukraynanın başqa bir qorxusu Donetsk və Luqanskdan ibarət Donbas bölgəsindən imtina etmək məcburiyyətində qalacağı ilə bağlıdır. Bunlar Ukrayna üçün çox ağır itkilərdi. 

Kiyev danışıqlar stolunda mövqeyini gücləndirmək üçün müəyyən addımlar atmaq məcburiyyətindədir. Ukrayna qoşunları Vaşinqtonun gələcək xüsusi nümayəndəsi Keyt Kelloqun Kiyevə səfəri öncəsi öz imkanlarını nümayiş etdirmək üçün Kursk bölgəsində əks-hücuma keçib. Bununla o “masada əlini gücləndirmək” niyyətindədir. Eləcə də Rusiya Ukraynanın şərqində işğal ərazisini genişləndirməyə çalışmaqla eyni məqsədi güdür. 

“Ukraynanın Rusiyanın Kursk bölgəsinin bir hissəsinə nəzarəti təmin etməsi müharibəni dayandırmaqla bağlı gələcək danışıqlar üçün vacibdir”. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Blinken xatırladıb ki, prezident Co Baydenin hakimiyyətdən gedən administrasiyası Ukraynaya “ən güclü kartları” təqdim etmək istəyir. “Onların Kursk vilayətində olması vacibdir. Çünki əlbəttə ki, bu, gələn ildə baş tuta biləcək istənilən danışıqlarda nəzərə alınacaq bir məsələdir”, – dövlət katibi qeyd edib.

Blinken həmçinin bildirib ki, danışıqlar aparılsa belə, Ukrayna hələ də adekvat təhlükəsizlik zəmanətinə ehtiyac duyacaq, çünki Putin “oyunu bitmiş” hesab etməyəcək: “Onun imperiya ambisiyaları qalır və o, dincəlmək, silahlanmaq və nəticədə yenidən hücuma keçməyə çalışacaq”.

Xatırladaq ki, avqustun əvvəlində həyata keçirilən hücum nəticəsində Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayəti ərazisinin bir hissəsini tutub. Sonradan bu ərazinin təxminən yarısının geri alındığı təxmin edilir, lakin Ukrayna Silahlı Qüvvələri hələ də Sudja və təxminən 500 kvadrat kilometr ərazini əlində saxlayır. Növbəti hücum əməliyyatı yanvarın 6-da baş tutub. Bu əməliyyatlar sayəsində Rusiya tərəfi əsas qüvvələrini Sum və Donetsk, Xarkov və ya Zaporojye istiqamətlərinə yönəldə bilmir.

Beləliklə, yeni administrasiyanın Rusiyanın Ukraynaya təxminən 3 ildir davam edən tammiqyaslı təcəvüzünə son qoymaq üçün təfərrüatları hələ də bəlli olmayan razılaşma əldə etməyə çalışacağı gözlənilir. 

Bu arada Türkiyə tərəflərin razılaşdığı format və parametrlər çərçivəsində Ukraynadakı münaqişənin həlli ilə bağlı tərəfləri qəbul etməyə hazır olduğunu bildirib. Qeyd edilib ki, Türkiyə xüsusi hərbi əməliyyat başlayandan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. 

P.ƏFƏNDİYEV 
XQ

Dünya