Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İtaliyaya səfəri çərçivəsində müxtəlif görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella ilə Mahmud Abbasın görüşündə Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb. Görüşdə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani də iştirak edib.
Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin məlumatına görə, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Pontifik görüşdə Qəzzadakı çox ciddi humanitar vəziyyətdən narahatlığını ifadə edib, ən qısa zamanda atəşkəsin əldə olunmasına və bütün girovların azad edilməsinə ümidvar olduğunu bildirib. Roma Papası terrorun bütün formalarını pisləyib, ikidövlətli həllə yalnız dialoq və diplomatiya yolu ilə nail olunmasının, xüsusi qanunla qorunan Qüdsün görüş və dostluq məkanı olmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma