Tbilisidə müxalifət etiraz aksiyasına başlayıb, çadırlar qurulub

post-img

Tbilisidə parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifət tərəfdarları Çavçavadze prospektində çadırlar qurub, nəqliyyatın hərəkətini dayandırıblar. Məlumatı “Anadolu” verib. 

Nümayişçilər seçkilərin saxtalaşdırıldığını iddia edərək yenidən səsvermənin keçirilməsini tələb edirlər. Paytaxtın hərəkətli prospektlərindən birində keçirilən aksiyada fəallar soyuq havada isinmək üçün ocaq yandıraraq gecəni orada keçiriblər. 

“Dəyişiklik uğrunda Koalisiya” liderlərindən olan Nika Qvaramiya səhər saatlarında bildirib ki, çətin gecəyə baxmayaraq aksiya davam edəcək. Qvaramiya çadırlara isti yemək, içki və isti yorğan gətirən hər kəsə təşəkkür edib: “Bizi vətənimizə qayıtmaq üçün uzun və yorulmaz mübarizə gözləyir”.

Bir gün əvvəl müxalifət liderləri prospektdəki aksiyanın 24 saat davam edəcəyini açıqlamışdılar. Aksiya ilə əlaqədar Tbilisinin ən mühüm kəsişmələri və küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb. 

Polis nümayişin keçirildiyi ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

Qeyd edək ki, Gütcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası qalib gəlib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya