Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərindəki dəmiryol vağzalında kassaların qarşısında partlayış azı 26 adamın həyatına son qoyub, 46 nəfərin yaralandığı bildirilir.
Şəhər polisinin yaydığı məlumata görə dəmiryol vağzalına girən terrorçu-kamikadzeni dayandırmaq mümkün olmayıb və partlayış da onun tərəfindən törədilib.
Yaralananlar təcili olaraq şəhər xəstəxanasına çatdırılıb, onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, ölənlərin sayı yaralıların hesabına arta bilər.
Hələ ki, terror aktına görə məsuliyyəti regionda qeyri-qanunu fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.
Xatırladırıq ki, Pakistanın Əfqanıstanla həmsərhəd olan Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində tez-tez belə terror aktları həyata keçirilir.
Belə ki, hər iki əyalətdə silahlı dəstələr puştun və bəlucların hüquqlarını qorumaq adı ilə müntəzəm olaraq Pakistanın təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar edir.
Teerorçu qruplaşmalar, o cümlədən “Bəlucistan Azadlıq Ordusu” deyilən terror təşkilatı Bəlucistan əyalətinin Pakistandan ayrılması tələbi ilə ölkədə vaxtaşırı belə aktlar törədir.
Bəlucistan təbii ehtiyatlar baxımından Pakistanın ən zəngin əyaləti olsa da bu region ölkənin digər əyalətləri ilə müqayisədə daha az inkişaf edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd