Özbəkistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilən Ali Məclisin Qanunvericilik Palatası və yerli şuralara seçkilərin ilkin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, səsvermədə 15 milyondan artıq seçici iştirak edib, onlardan 140 mindən çoxu ölkədən kənarda səs verib. Ümumi seçici fəallığı 74,72 faiz təşkil edib.
Özbəkistanın Liberal Demokrat Partiyası parlamentin Qanunvericilik (aşağı) palatasında yerlərin əksəriyyətini - 150 mümkün yerdən 64-nü alır.
Qalan yerlər aşağıdakı kimi bölüşdürülüb:
Özbəkistanın “Milliy Tiklanish” Demokrat Partiyası - 29 mandat
Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyası – 21 yer
Özbəkistan Xalq Demokratik Partiyası - 20 yer
Özbəkistanın Ekoloji Partiyası - 16 yer
Qeyd edək ki, seçkilər ilk dəfə qarışıq - majoritar və proporsional seçki sistemi əsasında keçirilib. Hər sistem üzrə 75 deputat seçilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana