Maka Boçorişvili: Gürcüstan müxalifəti hakimiyyətə qarşı ictimai narazılığı artırmaq üçün hər şeyi edir

post-img

Gürcüstan müxalifəti parlament seçkiləri ərəfəsində mövcud hakimiyyətə qarşı ictimai narazılığı artırmaq üçün ölkə daxilində və xaricdə mümkün olan hər şeyi edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili söyləyib.

Komitə sədrinin sözlərinə görə, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) də bəyanatında vurğulandığı kimi, siyasi dairələrlə əlaqəsi olan qruplar süni intellektdən istifadə edilməklə yaradılmış, dövlət məmurlarının səs və görüntülərindən istifadə etməklə saxtalaşdırılmış video və audio yazıları yaymağı planlaşdırır. Bunun məqsədi ölkədə sabitliyi pozan mərkəzlər yaratmaqdır.

Deputatın fikrincə, bu, həm ölkə hüdudlarından kənarda müəyyən aksiyaların planlaşdırılmasını, həm də ölkə daxilində iğtişaşları, insanların hakimiyyətə qarşı narazılığını artırmaq üçün müxtəlif üsullardan istifadəni əhatə edir.

“DTX qeyd olunan qrupların fəaliyyətinə ciddi nəzarət edir, hər hansı qanun pozuntusu aşkar olunarsa, müvafiq tədbirlər görüləcək”, - deyə Maka Boçorişvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya