Mirzoyan Ermənistanı KTMT-dən çıxarkən ehtiyatlı olmağa çağırıb

post-img

İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxması ilə bağlı bütün riskləri diqqətlə qiymətləndirməlidir. Bunu oktyabrın 2-də ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib. Məlumatı “İzvestiya.ru” verib. 

O qeyd edib ki, bu məsələdə xüsusiilə ehtiyatlı olmaq lazımdır: “Əsas prioritet sabitlikdir və baş verə biləcək istənilən proses, xüsusən də risklər baxımından yaxşı hesablanıb idarə olunmalıdır”. 

Mirzoyan Varşava Təhlükəsizlik Forumu zamanı Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı sualı cavablandırarkən Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu da xatırladıb.

Bundan əvvəl, sentyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkə KTMT-yə üzvlüyünü dondurub, çünki bu struktur dövlətin suverenliyinə təhdidlər yaradır. Onun sözlərinə görə, İrəvan təşkilatla münasibətlərdə mümkün qədər “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşıb. Eyni zamanda o, İrəvanın Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət əlaqələrini kəsməyəcəyinə söz verib.

Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, KTMT üzv dövlətlərin suverenliyini qoruyur və heç bir şəkildə Ermənistanın suverenliyinə təhlükə törətmir. Eyni zamanda, o qeyd edib ki, KTMT ilə qarşılıqlı fəaliyyət məsələsi ölkənin strateji və taktiki inkişaf yollarını seçmək suveren hüquqlarına aiddir.

P.ƏMİRCANOV
XQ

Dünya