Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) terror fəaliyyətində şübhəli bilinən şəxslərin saxlanıldığını açıqlayıb. Bu barədə avqustun 3-də Respublika Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib.
“Bu ilin avqust ayında Milli Təhlükəsizlik Komitəsi prokurorluğun koordinasiyası və polisin köməyi ilə Almatı şəhəri, Qaraqanda, Türküstan vilayətləri və Ulıtau vilayətində terrorla mübarizə tədbirləri həyata keçirib. Destruktiv dini cərəyanın tərəfdarı olan 5 Qazaxıstan vətəndaşı və 1 əcnəbi saxlanılıb. Onlar sosial şəbəkələr də daxil olmaqla, nifrət və zorakılıq ideologiyasını yaymaqda şübhəli bilinirlər”, - deyə məlumatda bildirilir.
Milli Təhlükəsizlik Komitəsi qeyd edib ki, maddi sübutlar, o cümlədən 3 hərbi qumbara aşkar edilərək götürülüb.
Hesabatda qeyd olunur ki, şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda məhkum olunublar.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə ibtidai istintaq tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ