Kursk əməliyyatının hədəfləri

post-img

Rusiyanın Kursk bölgəsinə qəfil hücum edən Ukrayna silahlı qüvvələri bir neçə gün ərzində rusların bir neçə ayda tutduqlarından daha çox ərazi ələ keçirməsi bütün dünyanı şoka salıb. “Vaşinqton Post” qəzetinin yazdığına görə, Ukraynanın ötənilki cənuba hücumu Rusiyanın yaxşı hazırlanmış müdafiəsi sayəsində uğursuzluğa düçar olub. Ancaq indi ukraynalılar Kursk bölgəsinə rahat şəkildə daxil olublar, çünki ruslar hücum gözləmirdilər. ABŞ qəzeti iddia edir ki, Rusiyanın daxili əraziləri zəif müdafiə olunur və rus ordusu yeni təhdidlərə çevik reaksiya verə bilmir.

Ukrayna qüvvələrinin gələcək danışıqlarda təsir rıçaqları əldə etmək ümidi ilə Rusiya ərazisini saxlamağa çalışıb-çalımayacağı, yoxsa Rusiya böyük əks-hücum əməliyyatına başlamazdan əvvəl onların ərazilərinə geri çəkilib-çəkilməyəcəyi məlum deyil. “Vaşinqton Post” yazır ki, bu sualın cavabı Vaşinqtonun mövqeyindən asılı olacaq. Məqalədə deyilir ki, Co Bayden administrasiyası bu hücumda Amerika texnikasının istifadəsindən etiraz etməsə də, hələ də Ukraynaya Rusiya aerodromlarına və Rusiyanın dərinliklərindəki digər hədəflərə zərbələr endirmək üçün Amerika ATACMS raketlərindən istifadə etməyə icazə verməyib. 

Qəzet yazır: "Ola bilsin ki, Ukraynanın bu yaxınlarda aldığı F-16-ların hücumları ilə dəstəklənən bu cür zərbələr Rusiyanın istənilən əks-hücumunun qarşısını ala bilər. Əgər Ukraynaya Vaşinqtondan icazə verilməsə, onun qoşunları lazım olandan tez geri çəkilməyə məcbur olacaq". Nəşr qeyd edir ki, Rusiya canlı qüvvə baxımından hələ də böyük üstünlüyə malikdir və buna görə də Kreml Ukraynanın şərqindəki bölmələrini tükətmədən Rusiyadan Kurska ehtiyat göndərə bilər. Əksinə, Ukrayna qüvvələri ruslarla müqayisədə daha təchiz olunub ki, Donetsk bölgəsindəki döyüş ərazisindən qoşunları Kursk bölgəsinə köçürsə, ciddi risk altına düşə bilər. Eyni zamanda, “Vaşinqton Post” iddia edir ki, rus qoşunları digər istiqamətlərdə olduğu kimi eyni sürətlə irəliləsə, Kursk vilayətində itirilmiş əraziləri geri almaq üçün bir il vaxt lazım olacaq.

“Forbes” jurnalı isə yazır ki, Ukrayna artıq Kursk vilayətinə beş briqada göndərib. Onlar Kursk vilayətinin təxminən 500 kvadrat metr ərazisini ələ keçirib və onlarla rus əsgərini əsir götürüblər. Ukraynın hücumlarını ləngitməsindən əsər-əlamət yoxdur. Bəzi informasiyalara görə, Ukrayna ordusunun Kursk vilayətinin Plexovo kəndinə daxil olub. Eyni zamanda, Belqorod vilayətinin Poroz kəndinin tutulması haqqında da məlumat var. Ukrayna rəsmiləri indiyədək bu hadisələri şərh etməkdən çəkiniblər. Bununla belə, Prezident Aparatının müşaviri Mixail Podolyak cümə axşamı bildirib ki, belə bir əməliyyat Moskva ilə gələcək danışıqlarda Kiyevin mövqeyini yaxşılaşdıracaq. 

NATO eksperti Stefani Babst hesab edir ki, Ukrayna silahlı qüvvələrinin Kursk bölgəsində hərəkətləri yaxşı planlaşdırılıb və Ukrayna rus ordusunu təəccübləndirib. “Bild”ə verdiyi şərhdə o, Kursk əməliyyatının beş mümkün hədəfini sadalayıb. S.Babst düşünür ki, Kurska hücum etməklə Kiyev Moskvaya təzyiq etmək istəyir: “Berlin və Vaşinqtondan fərqli olaraq, Ukrayna silahlı qüvvələri rusları bacardıqları qədər müdafiə mövqeyinə qoymalı olduqlarını başa düşdülər”. 

Hərbi ekspert ikinci hədəf kimi Ukraynanın Qərbə döyüş qabiliyyətini nümayiş etdirmək istəməsini göstərir. Ekspertin fikrincə, Ukrayna silahlı qüvvələri bu hücumu ilə Rusiya qoşunlarına göstərmək istəyirlər ki, onlara təzyiq edə bilərlər. Stefani Babst düşünür ki, uzunmüddətli perspektivdə bu, müttəfiqləri “Qərb silah sistemlərinin istifadəsinə dair dağıdıcı məhdudiyyətlərdən imtina etməyə” inandırmağa kömək edəcək. 

Üçüncü hədəf rus qoşunlarının cəbhənin digər sektorlarına təzyiqini azaltmaqdan ibarətdir. Donbass və Xarkovda Ukrayna silahlı qüvvələri Rusiyanın hücumunu dayandırmaqda çətinlik çəkir. İndi ruslar Kursk bölgəsində ukraynalıları dayandırmaq üçün qüvvələrinin bir hissəsini təcili olaraq həmin əraziyə köçürməlidirlər. 

NATO eksperti dördüncü hədəfin Kursk atom elektrik stansiyasının ələ keçirilməsindən və sonra onu Rusiya tərəfindən ələ keçirilən Zaporojye atom elektrik stansiyası ilə dəyişdirilməsindən ibarət olduğunu düşünür. Bir neçə gündür ki, bununla bağlı spekulyasiyalar gedir. Bununla belə, S.Babst Ukrayna silahlı qüvvələrinin belə bir vəzifə ilə üzləşdiyinə şübhə edir, çünki “hərbi baxımdan bu, çox uzun və çətin bir yol olardı”.

Nəhayət, beşinci hədəf Rusiyanın qaz ixracatını nəzarət altına almaqdır. Onun fikrincə, Ukrayna silahlı qüvvələri daha çox qaz ixracının həyata keçirildiyi Sudjadakı qaz ölçmə stansiyasına nəzarət etməyə çalışır. Stansiya Avropa və Rusiyanı birləşdirən ən son qaz kəmərinin əsas elementidir: “Bu, Rusiyanın qaz biznesi üçün əhəmiyyətli itki olardı”.

S.ELAY 
XQ

 



Dünya