Qazaxıstan və Özbəkistan prezidentləri konteyner qatarının qarşılanması mərasimində iştirak ediblər

post-img

Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Çin-Qazaxıstan-Özbəkistan marşrutu ilə hərəkət edən konteyner qatarının Siandan Daşkəndə gəlməsi münasibətilə təşkil olunmuş rəsmi mərasimdə videokonfrans formatında iştirak ediblər.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev və Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov iki dövlətin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən birgə işlər barədə məlumat veriblər.

Çin-Qazaxıstan-Özbəkistan marşrutu üzrə yükdaşımaların təşkili və Trans-Əfqan istiqamətinin inkişafı ilə bağlı cari ilin aprelində Xivədə əldə edilmiş razılaşmalar çərçivəsində yüklərin sürətləndirilmiş çatdırılması təşkil edilib.

Konteyner qatarı 5 sutka ərzində 4486 kilometr məsafə qət edib. Yük qatarı Sian limanındakı terminaldan Qazaxıstan ərazisindən keçməklə Daşkəndə yola salınıb.

Yükdaşımalarının ən qısa müddəti Qazaxıstanın Çinin terminal imkanlarından istifadə etməsi, habelə Qazaxıstan və Özbəkistanın dəmir yolu administrasiyaları arasında sərhəd infrastrukturunun genişləndirilməsi üçün ardıcıl qarşılıqlı fəaliyyət sayəsində təmin edilir.

Ötən il ölkələr arasında daşınan yüklərin həcmi 2022-ci illə müqayisədə 17,2 faiz artaraq 31 milyon tondan çox olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya