Nobel Sülh mükafatı laureatı Muhammed Yunus Banqladeşdə tələbə müvəqqəti hökumətinin baş müşaviri olmağa razılaşıb.
AZƏRTAC “The Daily Star”a istinadla xəbər verir ki, Baş naziri Şeyx Hasinanın istefası ilə bağlı çağırışlarla yekunlaşan antikvota hərəkatına rəhbərlik edən tələbə liderləri çərşənbə axşamı səhər Nobel Sülh mükafatı laureatı Muhammed müvəqqəti hökumətin baş müşaviri olmasını istədiklərini bildiriblər.
Tələbə hərəkatının əsas təşkilatçılarından biri olan Nahid İslam digər üç təşkilatçı ilə birgə feysbukda paylaşdığı videoda bildirib ki, tövsiyə etdiyimiz hökumətdən başqa heç bir hökumət qəbul edilməyəcək. O əlavə edib: “Biz ordunun dəstəklədiyi və ya rəhbərlik etdiyi heç bir hökuməti qəbul etməyəcəyik. Muhammed Yunusla da danışıqlar apardıq və o, bizim dəvətimizlə bu məsuliyyəti öz üzərinə götürməyə razılaşdı”.
Hazırda Muhammed Yunus Beynəlxalq Olimpiya Komitəsinin dəvəti ilə xüsusi qonaq qismində Parisdədir.
Bazar ertəsi, avqustun 5-də hökumət əleyhinə kütləvi etirazlar fonunda Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Ordu respublikanın idarəsini öz üzərinə götürüb.
İqtisadi inkişaf sahəsində fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh mükafatına layiq görülən 84 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə başlayandan sonra beynəlxalq səviyyədə tanınıb. O, tezliklə Şeyx Hasina ilə münaqişəyə girib. Baş nazir onu fermerlərin aldıqları kreditlərə görə illik 20 faiz sələm almaqda ittiham etmişdi.