Yonhap xəbər agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi Teodor Ruzvelt Cənubi Koreyanın Busandakı dəniz limanına gəlib.
Hərbçilərin məlumatına görə, 9-cu Daşıyıcı Zərbə Qrupunun nüvə mühərrikli təyyarədaşıyan gəmisi Seuldan 320 km cənub-şərqdə yerləşən Busandakı hərbi dəniz bazasına daxil olub. Ona Aegis döyüş məlumat və idarəetmə sistemi ilə təchiz edilmiş Amerika esminesləri Halsey və Daniel İnouye də qoşulub.
Yonhap qeyd edir ki, təyyarədaşıyan “Pxenyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığı nəticəsində Şimali Koreyanın artan təhdidlərinə qarşı güc nümayişi” kimi gəlib.
ABŞ hərbi gəmisinin gəlişi ABŞ, Cənubi Koreya və Yaponiyanın da iştirak edəcəyi planlaşdırılan “Azadlıq Kənarı” təlimləri ilə də əlaqələndirilir. Təlimlər müxtəlif istiqamətlərdə, o cümlədən hava, dəniz və sualtı, həmçinin kiberməkanda keçiriləcək.
S.ELAY
XQ