Qazaxıstanda 26-cı Dünya Neft Konqresi keçiriləcək

post-img

Qazaxıstan 2028-ci ildə 26-cı Dünya Neft Konqresinə ev sahibliyi edəcək.

AZƏRTAC KAZENERGY Assosiasiyasının saytına istinadla xəbər verir ki, bu struktur Dünya Neft Şurasının (WPC Energy) rəhbərliyi ilə görüş keçirib. Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən texniki dəstək, elmi araşdırmalar və kadr hazırlığını müzakirə ediblər.

“Danışıqların yekunları üzrə 2028-ci ildə Astanada “WPC Energy”nin 26-cı Konqresinin keçirilməsi haqqında Memorandumun imzalanması mərasimi baş tutub”, - deyə məlumatda bildirilir.

Səsvermənin nəticələrinə görə, Astananın ərizəsi Şuranın bütün iştirakçıları: neft və qazın qlobal istehsalı və istehlakının 96 faizini təmsil edən dünyanın 57 ölkəsi tərəfindən yekdilliklə dəstəklənib.

“WPC Energy” Konqresi 1933-cü ildən keçirilir. Bu, qlobal enerji və neft gündəliyinin mühüm məsələlərinin müzakirə olunduğu nüfuzlu qlobal platformalardan biridir. Tədbirdə, ənənəvi olaraq, dövlət və hökumət başçıları, ən böyük korporasiya və müvafiq dövlət orqanları, QHT və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də dünyanın hər yerindən aparıcı ekspertlər iştirak edirlər.

Bundan əvvəl Dünya Neft Konqresləri Böyük Britaniya, ABŞ, Norveç, Çin, Braziliya, İspaniya, Qətər, Rusiya, Türkiyə və Kanadada keçirilib. 2026-cı ildə Konqres Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək.

Dünya